Qadınları tribunada görən iranlı futbolçular 14 qol vurdular

Qadınları tribunada görən iranlı futbolçular 14 qol vurdular

Son 40 ildə ilk dəfə olaraq İran qadınları futbol matçını stadiondan izləyiblər. SİA xəbər verir ki, oktyabrın 10-da Tehranın "Azadi" stadionunda dünya çempionatının seçmə mərhələsi çərçivəsində İran millisi ilə Kamboca yığması arasında oyun keçirilib. Matçı tribunalardan 78 min azarkeş izləyib ki, onlardan da 4,6 mini qadın olub.

Qadınların stadiona gəlişi İran millisinə xüsusi ruh yüksəkliyi verib. Belə ki, İran yığması rəqibinin qapısından 14 cavabsız top keçirib – 14:0.

Xatırladaq ki, ötən ay futbol matçına baxmaq üçün stadiona daxil olmaq istəyən qadın azarkeş Səhər Xudayarı həbs edilmiş və məhkəmə tərəfindən yüksək məbləğdə cərimələnmişdi. Buna etiraz edən S.Xudatari özünü məhkəmə qarşısında yandırmışdı.

Bundan sonra FİFA İran hökumətinə məktub göndərərək qadınların stadiona buraxılmaması haqqında qanunun ləğv olunmasını tələb edib. Əks təqdirdə, ali futbol qurumu İran milli komandasına sanksiyalar tətbiq edəcəyini bildirib. Bundan sonra İranda qadınların stadiona daxil olması qadağası aradan qaldırılıb. Stadionlarında qadınlar üçün xüsusi yerlər düzəldilib ki, onlar kişilərdən ayrı otursunlar.

Bütün xəbərlər Facebook səhifəmizdə