Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası vətəndaşlara qarşı zorakılığa yol verən Liviya lideri Müammar Qəddafini Beynəlxalq Cəza Məhkəməsinə həvalə etdi. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Beynəlxalq Cəza Məhkəməsinin prokuroru araşdırmaların nəticəsi ilə bağlı hesabatı iki ay ərzində şuraya təqdim etməlidir.
Təhlükəsizlik Şurasının Qəddafi, onun ailəsi və yaxınlarına tətbiq etdiyi sanksiyalar isə dünya liderləri tərəfindən birmənalı qarşılanmayıb. Xəbər verildiyi kimi, şura Qəddafi ilə birgə 16 nəfərin səyahətlərinə qadağa qoyulması və ölkəyə silah ixracının dayandırılması ilə bağlı qərar qəbul edib. Qəddafi, qızı Ayişə və 4 oğlunun bank hesabları isə dondurulub. Müxalifətə görə, Qəddafi və ailəsinin varidatı 80-150 milyard dollar həcmindədir. Qərb sanksiyaların səmərə verəcəyinə tam inansa da, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Barak Obama ilə telefon danışığında "Qəddafini deyil, Liviya xalqını vurarsınız" xəbərdarlığı edib. Türkiyə xarici işlər naziri Əhməd Davudoğlunun ABŞ-lı həmkarı ilə görüşündə də Liviyada baş verənlərin müzakirə ediləcəyi bildirilir.
Liviya müxalifəti isə Trablusa ən yaxın şəhər olan Zaviyeni də ələ keçirib. Ölkənin şərqində nəzarəti ələ alan müxaliflər Milli Liviya Şurası yaradıb. İtaliyanın xarici işlər naziri Franko Frattini Qəddafinin devrilməsinin qaçılmaz olduğunu söyləyib. İngiltərə isə onun və ailəsinin diplomatik toxunulmazlığını ləğv edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB