Avstriya da qonşu dövlətlərlə sərhəd nəzarəti müddətini uzadacaq

Almaniya Avstriya ilə sərhəd nəzarəti müddətini bu il noyabrın 11-də daha altı ay müddətinə uzadacağını elan etdikdən sonra Avstriya tərəfi də qonşu Macarıstan və Sloveniya ilə sərhəd nəzarəti müddətini artırıb. Bu barədə xəbəri Avstriyanın Daxili İşlər Naziri Volfqanq Peşorn Avropa İttifaqı ölkələri Daxili İşlər nazirlərinin toplantısında bildirib.

SİA xəbər verir ki, nazir bu addımı miqrasiya axınına daha yaxşı nəzarət edə bilmək imkanı ilə izah edib: “Təcrübə göstərib ki, Avropanın mərkəzində sərhəd nəzarətinin həyata keçirilməsi bir tərəfdən miqrasiya axını üzərində müsbət effekt göstərir, digər tərəfdən isə cinayətkar insan qaçaqlarını aşkarlamağa kömək edir. Ona görə də bu proses davam etdirilməlidir”.

Noyabrın ortalarından müddəti uzadılan sərhəd nəzarəti gələn ilin may ayınadək qüvvədə olmalıdır. Almaniya kimi Avstriya tərəfi də bu müddət başa çatdıqdan sonra onun uzadılacağına aydınlıq gətirməyib. Avstriyalı nazir macar və sloven həmkarları ilə sərhəd nəzarəti müddətinin uzadılmasının sərhədyanı ərazidə yaşayan əhali üçün mümkün qədər problemsiz həyata keçirilməsi barədə də fikir mübadiləsi apardığını bildirib.

Qeyd edilməlidir ki, Şengen məkanına daxil olan ölkələr arasında sərhəd nəzarətinin həyata keçirilməsi qısa müddət üçün və xüsusi hallarda nəzərdə tutulur. Qaçqın axınının 2015-ci illə müqayisədə kəskin şəkildə azaldığı bir vaxtda Avstriyanın bu addımı Şengen məkanında sərbəst hərəkətin məhdudlaşdırılması kimi dəyərləndirilir və hüquq müdafiəçiləri tərəfindən tənqid olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə