Əfqanıstanda 11 polis əməkdaşı öldürülüb

Əfqanıstanda 11 polis əməkdaşı öldürülüb

Əfqanıstanın Bəlx vilayətində təhlükəsizlik qüvvələri ilə “Taliban” silahlıları arasında döyüşlərdə 11 polis əməkdaşı öldürülüb. SİA TOLONews telekanalının saytına istinadla xəbər verir ki, Bəlx polisinin sözçüsü Munir Əhməd Fərhad bildirib ki, döyüşlər vilayətin Şor Tərə rayonunda baş verib. “Taliban” silahlıları buradakı polis məntəqəsinə hücum ediblər və tərəflər arasında intensiv atışmalar baş verib. Onun sözlərinə görə, “Taliban” da bu döyüşlərdə ağır itkilərə məruz qalıb, lakin onların tələfatı açıqlanmır. Fərhad əlavə edib ki, döyüş yerinə əlavə təhlükəsizlik qüvvələri cəlb olunub və ərazi hökumət güclərinin nəzarətində qalıb.

Bundan başqa, prezident seçkilərindən sonra daha da fəallaşan “Taliban” silahlıları Jəvzjan vilayətində də 30 nəfərlik polis və əsgərlərdən ibarət olan dəstəni mühasirədə saxlayırlar. Dərzab vilayətində isə bir neçə yaşayış məntəqəsinin onların nəzarətinə keçdiyi bildirilir. Jəvzjan vilayətinin qubernatoru Lütfullah Əzizi bildirib ki, kömək üçün əlavə qüvvələr gəlməsə, polis və əsgərlər “Taliban” tərəfindən girov götürülə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə