Qırğın deyil, soyqırımdır

Liviyada davam edən xalq qiyamında yaşananlar hər kəsi dəhşətə gətirir. Xalq xarici mətbuata "formalı polisləri belə vururlar, bu bir soyqırımdır", - söyləyib. SİA-nın "Milliyət" qəzetinə istinadən verdiyi məlumata görə, dövlət başçısı Muammer Qəddafi xalq üsyanını yatırmaq üçün hər cür zorakılığa əl atdığı bir vaxtda beynəlxalq kütləvi informasiya vasitələrinə məlumat verən hadisə şahidlərinin sözləri dəhşətli mənzərə yaradır. Şahidlərin dediyinə görə, Qəddafinin fransızca danışan muzdlu əsgərləri qiyamın yatırdılmasında xüsusi canfəşanlıq göstərir.

 

Məlumata görə, meyitləri də küçələrdən yığışdırmaq çətinləşib. Liviyanın Azadlığı Naminə Milli Cəphə adlı müxalif təşkilatın Londondakı sözçüsü Salam Gnanın söylədiyinə görə, hərbi gəmilər Trablusda yaşayış sahəsini bombalayıb və çoxlu sayda ölü var: "Qəddafi artıq gəmilərini belə xalqına qarşı istifadə edir. Qiyamı yatırmaq üçün edə biləcəyi nə varsa etməyi planlaşdırır. Şəhərdə 3-4 adamlıq qruplara belə atəş açılır. Trablusdakı insanlar çarəsizdir, dərman, su və yeməyə ehtiyacları var. Küçələrdə cəsədlər var, çünki insanların çölə çıxıb onları dəfn etməsi üçün imkan yoxdur".

 

"Əl-Cəzirə" kanalının məlumatında deyilir ki, qiyamın başlanmasından indiyə kimi 530 adam öldürülüb, 1400-ü itkin, 3000-ü isə yaralıdır. Daxili işlər naziri Əbdülfəttah Yunus Əl-Ubeydi dünən istefa verərək Qəddafi hakimiyyətini tanımadığını və müxalifətə qoşulduğunu elan edib.

 

Şahidlərin dediyinə görə, insanları avtomobildə belə vururlar. Adını açıqlamayan Trablus sakini isə bunları deyib: "Qəddafi heç bir sərhəd tanımır. Dəli olduğunu bilirdik, amma muzdlu əsgərlərini öz xalqının üzərinə göndərməsi qorxunc bir şeydir. Bu gün şahid olduğumuz şeylər təsəvvür belə edilə bilməz. Çoxlu sayda ölü var. Avtomobilinizdə belə olsanız, hərəkət etdiyiniz üçün atəşə məruz qalacaqsınız. İnsanlar küçəyə çıxdıqları andaca muzdlu əsgərlər tərəfindən vurulur. Etirazçılara tank və hərbi təyyarələrlə hücum edirlər. Edə biləcəyimiz tək şey geri dönməməkdir. Bizim yaşamağımızın Qəddafi üçün o qədər də önəmli olmadığı məlumdur".

Bütün xəbərlər Facebook səhifəmizdə