ABŞ məhkəməsindən İran gəmisinə həbs qərarı

ABŞ-ın Kolumbiya dairə məhkəməsi İrana məxsus “Grace 1” neft tankerinin həbs edilməsi barədə qərar çıxarıb. SİA xəbər verir ki, ABŞ məhkəməsi gəminin qaçaqmalçılıqla məşğul olması haqqında iddia irəli sürüb. ABŞ Maliyyə Nazirliyinin nümayəndəsi Morqan Ortaqus bildirib ki, Böyük Britaniyanın həbs etdiyi, sonra isə azadlığa buraxdığı “Grace 1” neft tankeri Suriyadakı terrorçulara neft daşıyıb.

Rəsmi Tehran isə ABŞ-ın bu iddialarını rədd edərək bəyan edib ki, hər zaman olduğu kimi, bu dəfə də rəsmi Vaşinqton İrana qarşı düşmən mövqeyini nümayiş etdirir. Qeyd olunub ki, ABŞ-ın milli qanunvericiliyi beynəlxalq aləmə şamil edilə bilməz.

Xatırladaq ki, iyulun 4-də İrana məxsus “Grace 1” neft tankeri Hibraltarda Böyük Britaniya tərəfindən ekipaj ilə birlikdə həbs edilmişdi. Buna cavab olaraq, İranın hərbi donanması Fars körfəzində Böyük Britaniyaya məxsus neft tankerini ekipajı ilə birlikdə həbs etdi. Diplomatik danışıqlardan sonra Böyük Britaniya İran gəmisini azad etdi ki, bu, ABŞ tərəfindən kəskin etirazla qarşılandı. İran da, öz növbəsində, Böyük Britaniyanın gəmisini azad etdi.

İran mətbuatı qeyd edir ki, rəsmi Vaşinqton İran gəmisinin sərbəst qalmasını həzm edə bilmədiyi üçün məhkəməyə “Grace 1” gəmisinin həbs edilməsi haqqında qərar çıxarmağı tapşırıb. Lakin bu addım faydasızdır.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif isə ABŞ-ın başqa dövlətə məxsus gəmini oğurlamaq istəyini bəyan edib. O bildirib ki, ABŞ zor gücünə İranın gəmisini mənimsəmək istəyir.

Bütün xəbərlər Facebook səhifəmizdə