Efiopiyanın Amhar ştatı turizm xidmətlərindən 100 milyon dollar gəlir əldə edəcək

Efiopiyanın şimalındakı Amhar ştatı regionda 2019/20 maliyyə ilində turizm xidmətlərinin göstərilməsindən ümumilikdə 100 milyon dollar gəlir əldə etməyi planlaşdırır. SİA xəbər verir ki, bu barədə Amhar ştatının Mədəniyyət və Turizm Bürosunun direktoru Melkamu Adam bildirib. Büronun proqnozuna görə, bu gəlirin gələn turist mövsümündə regionu ziyarət edəcək 16 milyon yerli və 500 mindən çox xarıcı turistlərə göstərilən xidmətlərdən əldə olunacağı nəzərdə tutulur. Melkamu Adam vurğulayıb ki, keçən maliyyə ili ərzində regiona 11 milyon Efiopiya vətəndaşı və 270 min xarici turist səfər edib, onlara göstərilən xidmətlərdən ümumilikdə 75 milyon dollar gəlir götürülüb. Büronun direktoru həmçinin bildirib ki, qonşu ştatlardakı münaqişələr və iğtişaşlar Amhar regionuna turist axınına olduqca mənfi təsir göstərib. Efiopiya turizm sahəsinə son illər ərzində baş verən hökumət əleyhinə etiraz halları və bir neçə dəfə fövqəladə vəziyyət rejiminin tətbiqi də ziyan vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə