Kərkükdə 3 türk vətəndaşı qaçırılıb

Kərkükdə 3 türk vətəndaşı qaçırılıb

İraqın şimalındakı Türkmən şəhəri Kərkükdə 3 türk vətəndaşı naməlum silahlılar tərəfindən qaçırılıb. SİA-nın məlumatına görə, İraqın xəbər agentliyi NİNA silahlı şəxslərin Kərkükün cənubunda 3 türkü qaçırdığı barədə məlumat yayıb.

Həmin şəxslərin binaların soyudulması və lift sistemləri ilə məşğul olan bir şirkət üçün çalışdıqları bildirilir. Kərkükün polis idarәsi tәrifindәn verilən açıqlamada sözügedən türklərin İraqa vizasız girdiyi və daxili işlər orqanına bununla bağlı müraciət etmədiyi vurğulanıb.

Adının açıqlanmasını istəməyən bir iraqlı polis rəsmisi də 5 nəfər silahlının Kərkükün cənubunda 8 türk işçisi və mühəndisin yaşadığı evə girdiyini və 3 türkü qaçırdığını söyləyib. Evlərinə zorla girilən 8 türkdən heç birinin İraq vizası olmadığı, hücum zamanı evdə olan digər 5 türkün polisə ifadə verdiyi bildirilir.

Qaçırılan 3 türkün Kərkükə İstanbuldan getdikləri qeyd edilib, ancaq onların kimliyi haqqında açıqlama verilmir

Bütün xəbərlər Facebook səhifəmizdə