Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin həbs olunması ilə bağlı əməliyyat ölkədə vəziyyəti gərginləşdirib. SİA yerli telekanallara istinadən xəbər verir ki, sabiq prezidentin tutulması ilə bağlı əməliyyatda bir xüsusi təyinatlı aldığı güllə yarasından xəstəxanada dünyasını dəyişib. Qarşıdurma zamanı Çuy vilayəti daxili işlər idarəsinin rəisi Samat Kurmankulov ciddi yaralanaraq komaya düşüb.

Qırğızıstan mətbuatının yaydığı məlumata görə, qarşıdurmada yaralananların sayı 48-ə çatıb, onların biri jurnalistdir. Ciddi yaralananlar xəstəxanaya çatdırılıb.
Almazbek Atambayevi həbs etmək hələ də mümkün olmayıb. Sabiq prezidentin tərəfdarlarının bir hissəsi saxlanılıb.
Ölkədə vəziyyətin gərginləşməsi ilə bağlı bu gün Qırğızıstan Prezidenti Sooronbay Jeenbekovun başçılığı ilə Təhlükəsizlik Şurasının və parlamentin-Joqorku Keneşin növbədənkənar iclaslarının keçirilməsi gözlənilir.
Almazbek Atambayev korrupsiya, “qanuni oğru” Əziz Butukaevin qanunsuz azad edilməsi, vəzifədən sui-istifadə, torpaq sahəsinə qanunsuz sahib olmaq və digər maddələrlə ittiham edilir.
Xatırladırıq ki, Almazbek Atambayev 2011-ci ildən 2017-ci ilədək Qırğızıstana rəhbərlik edib.

Qırğızıstanda vəziyyətin gərginləşməsi ilə əlaqədar ölkənin sabiq prezidenti Almazbek Atambayev avqustun 7-dən 8-nə gecə keçən “Aprel” televiziya kanalı vasitəsilə xalqa müraciət edib. Almazbek Atambayev müraciətində deyib: “Mən sizə kədərlə müraciət edirəm. Bugünkü iqtidar ölkə Konstitusiyasını pozaraq öz xalqına odlu silahlardan atəş açır. Bu, çox utandırıcı bir haldır. Atambayev və onun ətrafına toplaşanlar terrorçu deyil. İqtidara demək istəyirəm, dayanın və öz xalqınıza güllə atmayın.
Almazbek Atambayev güc strukturlarına müraciətlə deyib: “Bu gün sizə atəş əmri verənlər ölkədən qaçacaq, ancaq siz qalacaqsınız. Siz xalq qarşısında and içmisiniz, bu gün onlara güllə atırsınız”.
Sabiq prezident, həmçinin tərəfdarlarına da təşəkkürünü bildirib.
SİA-nın əldə etdiyi son məlumatlara görə, eks-prezident xüsusi təyinatlıların keçirdiyi əməliyyat zamanı həbs edilib. Ölkə prezidenti Sooronbay Jeenbekov Təhlükəsizlik Şurasının iclası zamanı çıxışında Almazbek Atambayevin Qırğızıstan Konstitusiyasını kobud şəkildə pozduğunu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB