Misir prezidenti Hüsnü Mübarəkin istefa qərarından sonra dünyanın müxtəlif yerlərindən reaksiyalar gəlməyə başladı. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, İsrail "dinc bir keçid prosesinə ümid etdiklərini" açıqladı, ABŞ isə dünəni "tarixi bir gün" olaraq dəyərləndirdi. Açıqlamalardan da göründüyü kimi Mubarəkin istefasına sevinməyən yeganə ölkə İsraildir.
İsrail
H.Mübarəkin istefasından sonra İsrailin başlıca məqsədi Misirlə əldə olunan 1979-cu il razılaşmasını qorumaqdır. İsrail hökumətindən adının açıqlanmasını istəməyən bir səlahiyyətli bildirib ki, Mübarəkin istefasının Misir və qonşuları üçün "dinc bir keçid prosesinə" təkan verəcəyinə ümid edir. O, İsrail ilə Misir arasında 1979-cu ildə imzalanan sülh razılaşmasının qorunmasının vacib olduğunu söyləyib. İsrailli səlahiyyətli Mübarəkin gedişinin bəzi İsrail rəsmilərində narahatlıq yaratdığını da sözlərinə əlavə edib.
ABŞ
ABŞ-ın vitse-prezidenti Joe Biden Misirin "tarixi bir gün" yaşadığını ifadə edib. O, H.Mübarəkin istefasının bu ölkəyə ən qısa müddətdə demokratiyanın gəlməsini təmin edəcəyini söyləyib. Senatdakı demokrat çoxluğun lideri Harri Rid Mübarəkin dəyişiklik istəyən xalqın səsinə qulaq asmasından məmnun olduğunu söyləyib. Yeni nizamlı bir sitemin qurulmasına ehtiyac olduğunu deyən senator bildirib ki, Misirə bunun üçün azad və ədalətli bir seçkini də özündə ehtiva edən demokratiyanın gətirilməsi lazımdır. Senatın xarici əlaqələr komitəsinin rəhbəri demokrat Con Kerri də Mübarəkin istefa qərarının doğru olduğunu söyləyib. O, qeyd edib ki, cəsarətli tələblər Misir xalqına yeni bir başlanğıc şansı qazandırıb.
İngiltərə
İngiltərə baş naziri David Kameron isə bildirib ki, Misir ölkəni bir yerə toplamaq üçün fürsət əldə edib. O, qeyd edib ki, xalqın istəklərinin yerinə yetirmək Misiri hal-hazırda idarə edənlərin əsas vəzifəsidir. Baş nazir dünənki günün Misir xalqı üçün əhəmiyyətli bir gün olduğunu dilə gətirib.
İspaniya
İspaniya xarici işlər naziri Trinidad Ximenes təşkil etdiyi mətbuat konfransında ölkənin həyatında həssas bir dövrün yaşandığını və Misirin siyasi və ictimai xadimlərinin üzərinə böyük yük düşdüyünü deyib. O, Misirdə sürətli, nizamlı və dinc bir şəkildə demokratiyanın qurulması çağırışı edib. İstər İspaniya, istərsə də Avropa Birliyi olaraq Misirdəki demokratikləşmə prosesinə dəstək verməyə hazır olduğunu söyləyən T.Ximenes bildirib ki, bu prosesdə ölkədəki bütün siyasi qüvvələrin iştirakı vacibdir.
Tunis
H.Mübarəkin istefası Tunis və Livanda da xalqın sevincinə səbəb olub. Misirdən gələn istefa xəbərindən sonra insanlar avtomobilərlə yürüşə çıxaraq küçələrdə rəqs ediblər. Qeyd edək ki, Tunis əhalisi də qiyam qaldıraraq 14 yanvarda president Zeynəlabdin bin Əlini ölkəni tərk etməyə məcbur edə bilib.
İran
İran Xarici İşlər Nazirliyinin sözçüsü Misir xalqının "böyük bir qələbə" əldə etdiyini söyləyib. O, ümid etdiyini bildirib ki, misirlilər yoluna davam edərək bütün tarixi istəklərinə çata biləcək. Xarici işlər naziri Əli Əkbər Salehi də "böyük Misir xalqını qələbəyə görə təbrik edir, onların sevincinə şərik oluruq" deyib.
Avropa Birliyi
Avropa Birliyinin xarici siyasət məsələləri üzrə səlahiyyətli nümayəndəsi Ketrin Eşton H.Mübarəkin istefasını "hörmətlə" qarşıladığını söyləyib. Eşton mətbuata açıqlamasında Misirdə demokratiyanın qurulmasına dəstək vermək istədiklərini ifadə edib. O, qeyd edib ki, bu prosesdə diktə yox, kömək etməyə çalışacaq. Avropa Birliyinin rəsmisi keçid dövründə ölkəni idarə edəcək ordudan da böyük gözləntilərin olduğunu diqqətə çatdırıb.
Birləşmiş Millətlər Təşkilatı
Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Ki Mun Mübarəkin istefa qərarının çətin olduğunu, amma xalqın xeyri üçün atıldığına inandığını bildirib. Baş katib ölkədə demokratikləşmə prosesinin şəffaf və dinc bir şəkildə irəliyə aparılacağına ümid etdiyini dilə gətirib.
NATO
NATO-nun baş katibi Anders Foq Rasmussen H.Mübarəkin istefasını məmnuniyyətlə qarşıladığını bildirib. O, qeyd edib ki, heç bir xalqın istəklərini görməməzliyə vurmaq olmaz. Demokratiyanın yalnız çoxluğun idarəçiliyi olmadığını ifadə edən Rasmussen azlığın hüquq və azadlıqlarına hörmətlə yanaşılmasının vacib olduğunu ifadə edib.
Ərəb ölkələrində bayram
Mübarəyin istefası ərəb ölkələrində böyük sevinclə qarşılanıb. Mərakeşdən Qətərə, Yəməndən Fələstinə kimi minlərlə insan küçələrə çıxaraq Misir xalqını dəstəklədiyi bildiriblər. Qətərin paytaxtı Dohada minlərlə insan Misir Milli Marşını oxuyaraq "yaşasın Misir", "Misir azad, oğrular getdi" şüarları səsləndirib. Onlar 1970-ci ildə ölən keçmiş Misir prezidenti Camal Əbdülnasirin şəkillərini daşıyıb. Mübarəkin istefasını qeyd edən minlərlə adam "dünən Tunis, bu gün Misir, sabah Yəmən zəncirləri qıracaq" deyə qışqırıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə