Ermənistan "Qazprom"la təbii qaz qiymətləri ilə bağlı danışıqları davam etdirir. SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə açıqlamanı Ermənistanın enerji və təbii ehtiyatlar naziri Armen Movsisyan verib.
Danışıqların davam etdiyini deyən nazir bildirib ki, yekun nəticəyə gəldikdən sonra açıqlama veriləcək. Hal-hazırda Rusiya Ermənistana təbii qazın bir kubmetrini 180 ABŞ dollarına satır. Təbii qazın bazar qiymətlərinin isə 250-300 dolları olduğu qeyd edilib.
Qeyd edək ki, Rusiya 2010-cu ili aprelin 1-dən Ermənistana ixrac etdiyi mavi yanacağın qiymətini artıraraq 180 dollara çatdırıb. Daha əvvəl isə Ermənistan Rusiyadan aldığı hər min kubmetr qaza görə 154 dollar ödəyirdi. 2009-cu ilin aprelinə kimi isə bu qiymət 110 dollara idi. Razılığa əsasən, 2010-cu ilin aprelindən Rusiya qazı Ermənistana 200 dollara satılmalı idi. Amma rəsmi Moskva yenə də Ermənistana güzəşt edərək qiyməti 20 dollar azaldıb.
Ekspertlər isə hesab edir ki, Rusiyanın Ermənistana satdığı qazın qiymətinin aşağı olması iqtisadi yox, daha çox siyasi amillərlə bağlıdır. Onların fikrincə, Ermənistan Rusiyanın Cənubi Qafqazdakı ən yaxın müttəfiqidir və buna görə də güzəşt edə bilir. Bundan başqa, Ermənistanın paylayıcı şəbəkəsinə nəzarət edən "Armrosqazprom" şirkətinin səhmlərinin 80 faizi Rusiyanın "Qazprom" şirkətinə məxsusdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB