Rusiyanın Orta Şərq təklifinə ABŞ soyuq yanaşır

Rusiyanın Orta Şərq təklifinə ABŞ soyuq yanaşır

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkinin təklifi onun ABŞ-lı həmkarı tərəfindən müsbət qarşılanmayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, V.Çurkin 1979-cu ildən indiyə kimi Orta Şərqə səfər etməyən BMT Təhlükəsizlik Şuranının bölgəyə getməsinin faydalı olacağını söyləsə də, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Süzan Rays məsələnin müzakirəsinə ehtiyac olduğunu bildirib.

 

S.Rays qeyd edib ki, səfərlə bağlı Şuranın toplantısında qərar qəbul olunmayıb: "Bölgəyə son dərəcə həssas bir dövrdə səfərin təşkili sülhə və sabitliyə fayda olacaqmı? Bu sualla son dərəcə dəqiq cavab verməliyik. Bizim də daxil olduğumuz Şuranın üzvləri bu səfərin məqsədinin nə olduğu, hansı ölkələrə gedəcəyi ilə bağlı suallar verdilər. Bu suallara cavab axtarmaq üçün paytaxtlarımızda müzakirələr aparmalıyıq".

 

İngiltərənin BMT-dəki daimi nümayəndəsi Mark Qrant belə bir səfərə qarşı çıxmadığını, ancaq səfərin vaxtı və məqsədi haqqında suallara cavab tapmaq lazım olduğunu söyləyib.

 

Qeyd edək ki, Rusiyanın BMT-dəki nümayəndəsi Misir, Livan, Suriya, İsrail və Fələstinə səfərin təşkili üçün qurumun Təhlükəsizlik Şurası qarşısında məsələ qaldırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə