“WikiLeaks”: “Səudiyyə Ərəbistanının neft ehtiyatları investisiyaları artırmaq üçün şişirdilib”

“WikiLeaks”: “Səudiyyə Ərəbistanının neft ehtiyatları investisiyaları artırmaq üçün şişirdilib”

"Wikileaks"ın yayımladığı sənədlər dünyanın ən böyük xam neft ixracatçısı Səudiyyə Ərəbistanının açıqlandığı qədər neft ehtiyatına sahib olmadığını ortaya qoyur. SİA-nın "Guardian"qəzetinə istinadən verdiyi məlumata görə, Əl-Riyad şəhərindəki ABŞ baş konsulluğundan Vaşinqtona göndərilən sənədlərdə qeyd olunub ki, Səudiyyə Ərəbistanı hökuməti səlahiyyətlisinin etdiyi xəbərdarlıq Vaşinqtonda ciddi qəbul edilməlidir. Sənədlərə görə, Səudiyyə Ərəbistanının neft ehtiyatları real ehtiyatlardan 40 faiz çox göstərilib. Bu isə təxminən 300 milyard barelə bərabərdir.

"Wikileaks"ın sözügedən sənədi neftin qiymətinin 100 dollara çatdığı dövrdə yayması diqqət çəkir. Ekspertlər hesab edir ki, Səudiyyə Ərəbistanı və Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) qiymətlərin daha da artmasından sonra tələbin azalacağı təqdirdə daha çox neft istehsalına keçə bilər. 2007 və 2009-cu illər arasında Vaşinqtona göndərilən sənədlərdə həmçinin Səudiyyə Ərəbistanının gündəlik 12 milyon barel neft hasil etmək hədəfinə 10 il ərzində çata biləcəyi ifadə olunur. Səudiyyə Ərəbistanının neft şirkəti "Aramco"nun keçmiş geoloqu Sedad Əl-Hüseyni 2007-ci ildə ABŞ baş konsulluğuna olduqca narahatlıq yaradacaq informasiyalar verib. Onun sözlərinə görə, "Aramco"nun gündəlik 12,5 milyon barellik hasilatı neft qiymətlərini sabit saxlamağa kifayət etməyəcək. Keçmiş geoloq həmçinin bildirib ki, Səudiyyə Ərəbistanının enerji ehtiyatları xarici investisiyaları artırmaq məqsədiylə şişirdilib.

Sənəddə daha sonra qeyd edilib: "Əl-Hüseyni "Aranco"nun məlumatlarını səhv olduğunu ifadə edir. O, "Aramco"nun ehtiyatları ən az 300 milyard barel çox göstərdiyini və kəşf olunmuş ehtiyatların 51-nin hasil olunduğunu söyləyir. Onun fikrincə, hasilatda başlayacaq geriləməni sonradan düzəltmək çox çətindir. Beləliklə də qarşıdakı 15 il ərzində istehsalın azalaraq sona çatacağı düşünülür".

Yeddi ay sonra göndərilən iki yeni sənəddə, ABŞ-lı səlahiyyətlilər "Səudiyyə Ərəbistanının uzun müddətli istehsal gücü ilə bağlı şübhələrimiz var. Əgər qiymətlər artmağa başlayarsa, bunun qarşısını ala biləcəklərmi? Bundan əmin deyilik" deyib. 2009-cu ilin oktyabr ayında göndərilən dördüncü sənəddə isə artan elektrik istehlakının Səudiyyə Ərəbistanının neft ixracatını məhdudlaşdıracağı ifadə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə