İndoneziya, Çin və Argentinada ağır yol-nəqliyyat qəzaları baş verib
İndoneziyanın Yava adasında ağır yol-nəqliyyat qəzası baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Mərkəzi Yava vilayətinin Temanqqunq rayonu ərazisində sərnişin avtobusu sürücünün idarəetməsindən çıxaraq dərəyə aşıb. Nəticədə azı 17 nəfər ölüb, 40 nəfər xəsarət alıb. İlkin ehtimala görə, qəzaya sürücünün ehtiyatsızlığı səbəb olub.
Həmin gün Çində və Argentinada da çoxsaylı insan tələfatı ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. Bildirilir ki, Çinin Hubey vilayətində üçtəkərli kiçik yük avtomobili sürücünün idarəetməsindən çıxaraq hündürlüyü təxminən 8 metr olan dərəyə yuvarlanıb. Qəzada azı 10 nəfər ölüb, 9 nəfər xəsarət alıb. Hadisənin başvermə səbəbi barədə məlumat verilmir.
Argentinanın şimal-şərqində yerləşən Korrientes vilayətində isə baş vermiş yol-nəqliyyat qəzası 10 nəfərin ölümü, 40 nəfərin xəsarət alması ilə nəticələnib. Bildirilir ki, Paraqvayın paytaxtı Asunsyon şəhərindən Buenos Ayres şəhəri istiqamətində hərəkət edən sərnişin avtobusu çınqılla yüklənmiş yük avtomobili ilə toqquşub. Ölkənin paytaxtı Buenos Ayres şəhərindən təxminən 620 kilometr şimalda Paso-de-los-libres şəhəri yaxınlığında qeydə alınmış qəzanın səbəbi barədə məlumat verilmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB