İran S-400-lərlə bağlı mövqeyini açıqlayıb

İran S-400-lərlə bağlı mövqeyini açıqlayıb

“İran Rusiyadan S400 havadan müdafiə raket sistemlərini almaqla bağlı təklif irəli sürməyib və belə bir istəyi də yoxdur. İranlı alimlər onun kimilərini istehsal edirlər". SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bunu İranın Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Seyid Abbas Musəvi deyib.

İran rəsmisi bu gün keçirilən mətbuat konfransında bildirib ki, ölkəsi Rusiyadan S400 sistemlərini almaq fikrində deyil və bununla bağlı təklif də irəli sürməyib.

Qeyd edək ki, Rusiya rəsmi mənbələri də ötən gün məsələyə münasibət bildirib və İrandan S400-lərin satın alınması ilə bağlı təkliflərin gəlmədiyini deyiblər.

Ötən həftə bəzi media qurumları İranın Rusiyadan S400 raket sistemlərini almaq niyyətində olduğunu iddia ediblər.

Xatırladaq ki, İran ötən gün yeni yerli havadan müdafiə sistemini nümayiş etdirib. İran müdafiə naziri Əmir Hatəminin sözlərinə görə “15 Xordad” sistemləri eyni zamanda 6 hədəfi 120 km radiusda və 20 km hündürlükdə vura bilir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə