Əhməd Davudoğlu: “Misirin və misirlilərin hüzuru, rifahı və dincliyi bizim üçün strateji bir hədəfdir” - MÖVQE

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Misirin XİN sözçüsünün Türkiyə barədə səsləndirdiyi fikirlərə cavab verib. SİA-nın xəbərinə görə, Ə.Davudoğlu jurnalistlərə verdiyi açıqlamasında bildirib ki, Misir Türkiyə üçün tarixi köklərə söykənən qardaş və dost bir ölkədir: "Misirin və misirlilərin hüzuru, rifahı və dincliyi bizim üçün strateji bir hədəfdir. Heç kim bunu müdaxilə hesab etməsin. Misirdə yaşanan olaylar Türkiyəyə nə qədər təsir edirsə, Türkiyədəki hadisələr də bölgəyə təsir edir".

Regionda baş verən hadisələrin ayrı-ayrılıqda hər bir ölkəyə təsir etdiyini deyən nazir vurğulayıb ki, Türkiyənin Misirdə cərəyan edən olaylara reaksiyasını dostcasına qəbul etmək lazımdır. "Diqqət yetirsəniz, hörmətli baş nazirimiz yalnız Mübarəkə deyil, Misir xalqına da səsləndi. Bütün bu müddət ərzində məsələnin danışıqlar yolu ilə həll olunmasının əhəmiyyətini vurğuladı. Amma Misir xalqının bəzi haqlı tələbləri varsa, bunların da nəzərə alınmasının lazım olduğunu söylədik. Bunları biz qardaş, dost cəhdlər hesab edirik. Biz bunu belə görürük, belə qəbul edilməsini gözləyirik və istəyirik. Çünki biz Türkiyə ilə yanaşı qonşu ölkələrin də gələcəyini ortaq taleyimiz olaraq görürük. İnşallah, bu müddət ərzində Misirdə baş verən hadisələr sülhsevər şəkildə tamamlanar. Misir dost və güclü ölkə olaraq bundan sonra sabitliyinə qovuşar. Bizim hədəfimiz budur. Türkiyənin başqa niyyəti olmayıb", - deyə o əlavə edib.

Türkiyənin bu mövzuda əhəmiyyətli rol oynamağa hazır olub-olmadığı ilə bağlı sualı cavablandıran nazir: "Biz təbii ki, ətrafımızda baş verənləri yaxından izləyirik, lazım gəldikdə dost ölkələrə kömək etməyə də çalışırıq".

Bütün xəbərlər Facebook səhifəmizdə