Əfqanıstanda taliblərlə döyüş: 9 polis həlak olub

Əfqanıstanda taliblərlə döyüş:  9 polis həlak olub

Əfqanıstanın şimalında yerləşən Baqlan əyalətində “Taliban” hərəkatının silahlıları ilə döyüşdə azı 9 polis əməkdaşı həlak olub, üç nəfər isə yaralanıb. SİA Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, insident mayın 31-də gecə saatlarında Baq-e-Şamal rayonunda baş verib. Burada “Taliban” hərəkatının 10 döyüşçüsü yerli polis bazasına hücum edib.

Əyalət şurasının üzvü Bismillah Ataşın sözlərinə görə, toqquşma nəticəsində hücum edən bir neçə silahlı da öldürülüb.

Əfqanıstanda hökumət qüvvələri və kənd rayonlarında xeyli üstünlüyə yiyələnərək böyük şəhərlər istiqamətində hücumları genişləndirən “Taliban” hərəkatının silahlıları arasında qarşıdurmalar davam edir. Həmçinin ölkədə İŞİD qruplaşmasının da təsiri artır. Əfqanıstanın milli müdafiə və təhlükəsizlik qüvvələri beynəlxalq koalisiyanın hərbi dəstəyi ilə bütün ölkə ərazisində qruplaşmalara qarşı birgə əməliyyatlar keçirir.

Bütün xəbərlər Facebook səhifəmizdə