Saakaşvilinin Ukrayna vətəndaşlığı geri qaytarılıb

Saakaşvilinin Ukrayna vətəndaşlığı geri qaytarılıb

Ukrayna prezidenti Vladimir Zelenski Gürcüstanın keçmiş prezidenti, Ukraynanın Odessa vilayətinin eks-qubernatoru Mixeil Saakaşvilinin əlindən alınmış Ukrayna vətəndaşlığını geri qaytarıb.

SİA-nın verdiyi xəbərə görə, bu barədə Ukrayna prezidentinin rəsmi saytı məlumat yayıb.

Ötən həftə Saakaşvili özü Ukraynada vəzifə almaq niyyətində olmadığını bildirib. Onun sözlərinə görə, o, Ukraynadan qanunsuz kənarlaşdırıldığı üçün oraya bu ölkəyə qayıtmaq istəyir. Saakaşvili, həmçinin bəyan edib ki, yaxınları və dostları üçün darıxıb və Ukraynanı özünün ikinci evi sayır.

Saakaşvilinin 2013-cü ildə tərk etdiyi Gürcüstanda isə ona qarşı cinayət işi açılıb və hətta o, qiyabi formada həbs cəzasına məhkum edilib.

2015-ci ilin yazında Ukraynanın o zamankı prezidenti Petro Poroşenko Saakaşviliyə vətəndaşlıq verərək onu Odessa vilayətinin qubernatoru təyin etmişdi. Lakin vilayətin iqtisadi göstəricilərinin aşağı düşməsi səbəbindən Ukrayna prezidenti 2016-cı ilin noyabrında onu vəzifəsindən azad etdi.

2017-ci ilin oktyabrında Saakaşvili Ukrayna vətəndaşlığından məhrum edilib. O, Ukrayna məhkəməsinə müraciət etsə də şikayətinə indiyə kimi baxılmayıb.

2018-ci ilin fevralında Ukrayna hökuməti Saakaşvilini Polşaya “sürgün etmişdi”. Sonradan keçmiş qubernator sərhədi qanunsuz yolla keçmək istəyərək Ukraynaya qayıtmaq istəmiş və bu səbəbdən 2021-ci ilə qədər ona Ukraynaya daxil olmaq qadağan edilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə