“Avroviziya” mahnı müsabiqəsinə hazırlıq plan üzrə davam edir

“Avroviziya” mahnı müsabiqəsinə hazırlıq plan üzrə davam edir

İsrailin cənubunda Fələstin tərəfi ilə iki gündür davam edən atışmalar Təl-Əviv şəhərində keçiriləcək “Avroviziya” mahnı müsabiqəsinin hazırlıq prosesinə mane olmur.

SİA-nın xarici kütləvi informasiya vasitələrinə istinadən verdiyi məlumata görə, bu barədə konkursun təşkilatçılarından olan “Kan” teleradio kompaniyasından bildiriblər. Telekanaldan verilən məlumata görə, “Avroviziya” mahnı müsabiqəsinə hazırlıq plan üzrə, heç bir dəyişiklik olmadan davam edir.

Qeyd edək ki, “Avroviziya” mahnı müsabiqəsinin yarımfinal və finalı 42 ölkənin iştikakı ilə 14-18 may tarixinə nəzərdə tutulub. Böyüklüyünə görə İsrailin ikinci böyük şəhəri, onun işgüzar paytaxtı, həmçinin Aralıq dənizinin ən məşhur kurortu olan Təl-Əviv döyüş əməliyyatlarının getdiyi Qəzza sektorundan 70 kilometr aralıda yerləşir.

Əlavə edək ki, Fələstin tərəfi şənbə günü Qəzza sektorundan İsrailin cənubundakı yaşayış məntəqələrinə 200 raket zərbəsi endirib. İsrail tərəfi isə cavabında Qəzza sektorundakı Fələstin ordusunun 30-dan çox mövqeyinə aviasiya zərbələri endirib.

Döyüş əməliyyatları hazırda da davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə