Şri-Lankada körpülərin mühafizəsi gücləndirilib

Şri-Lankada körpülərin mühafizəsi gücləndirilib

Şri-Lanka polisi yeni terror hücumlarının hazırlandığı barədə məlumatlar fonunda ölkənin paytaxtı Kolomboda körpülərin mühafizəsini gücləndirib. SİA xəbər verir ki, yerli “Daily Mirror” nəşri bu barədə hüquq-mühafizə orqanlarına istinadla məlumat yayıb. Polisin məlumatına görə, aprelin 21-də törədilən partlayışlarda əli olan bəzi cinayətkarlar hələ də azadlıqdadır. Kolombo şəhərindəki körpülər yeni hücumların hədəfi ola bilər və onların mühafizəsinə əlavə polis qüvvələri cəlb ediləcək. Bundan əlavə, ölkənin Hərbi Dəniz Qüvvələri çaylarda və kanallarda patrulu gücləndirəcək.

Xatırladaq ki, aprelin 21-də Şri-Lankada baş verən silsilə partlayışlar nəticəsində təxminən 250-260 nəfər ölüb, 500-dən artıq çox insan yaralanıb. İlk 6 partlayış Kolombo, Neqombo və Battikaloa şəhərlərindəki 3 kilsə və 3 oteldə qeydə alınıb, 7-ci partlayış adanın qərbində, 8-ci partlayış isə Kolombo yaxınlığında yerləşən yaşayış kompleksində baş verib. Sonrakı günlərdə bir neçə yerdə partlayıcı qurğular aşkarlanaraq zərərsizləşdirilib.

Hücumların məsuliyyətini İŞİD qruplaşması üzərinə götürüb. Hakimiyyət orqanlarının məlumatına əsasən, hazırda ada dövlətinin ərazisində qruplaşmasının 130-140 üzvü fəaliyyət göstərir.

Şri-Lanka polisi partlayışlarla əlaqədə şübhəli bilinən onlarla insanı saxlayıb. Təhqiqatın versiyasına görə, hücumlarda 9 terrorçu-kamikadze iştirak edib, onların hamısının şəxsiyyəti müəyyənləşib.

Terror aktlarından sonra Şri-Lanka Müdafiə Nazirliyinin katibi Hemasiri Fernando və polis rəisi Pucitha Cayasundaru istefa verib.

Bütün xəbərlər Facebook səhifəmizdə