İspaniya hökuməti: "İspaniyanın onları təhvil vermək niyyəti yoxdur"

İspaniya hökuməti: "İspaniyanın onları təhvil vermək niyyəti yoxdur"

İspaniya hökuməti bu ölkənin Karakasdakı səfirliyində sığınacaq tapmış Venesuela müxalifətinin liderlərindən biri Leopold Lopesi təhvil vermək fikrində deyil.

SİA-nın xarici kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, mayın 2-də Venesuela məhkəməsi 30 aprel tarixində baş vermiş dövlət çevrilişi cəhdində əsas təşkilatçılardan biri hesab edilən Lopesin həbsi ilə əlaqədar order verib. Qeyd edək ki, daha əvvəl Lopes ev dustağı idi.

Venesuela məhkəməsinin qərarını şərh edən İspaniya hökumətinin nümayəndəsi aşağıdakıları bildirib: “”Lopes qızı və həyat yoldaşı ilə birlikdə öz istəkləri əsasında İspaniyanın bu ölkədəki səfirliyindədirlər. İspaniyanın onları təhvil vermək niyyəti yoxdur. İspaniya ümid edir ki, Venesuela hökuməti İspaniya səfirinin rezidensiyasının toxunulmazlığına hörmət edəcək”.

Qeyd edək ki, Leopold Lopes Venesuelada 2014-c ildə 40-dan çox insanın həlak olması ilə nəticələnmiş iğtişaşların təşkilatçılarından biri kimi 14 il azadlıqdan məhrum edilmişdi. 2017-ci ilin yayından isə həbsdən azad olunaraq ev dustağı kimi proseslərdən təcrid edilmişdi. Aprelin 30-da o, özünü prezident elan etmiş Xuan Quaydo tərəfindən həbsdən azad edilib.

Həm Quaydo, həm də Lopes Venesuela hökuməti tərəfindən 30 aprel tarixindəki dövlət çevrilişinə cəhddə ittiham edilirlər. Onların hər ikisi və ailələri İspaniyanın Venesueladakı səfirliyinin binasında sığınacaq tapıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə