Amerikanı fəlakət gözləyir
ABŞ-da bioloji və kimyəvi sursatların sınaq poliqonunun iş fəaliyyətində fasilə yaranıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ABŞ-ın qərbində yerləşən Yuta ştatında bioloji və kimyəvi silahların sınaq poliqonuna müvəqqəti olaraq giriş və çıxış bağlanıb. Verilən məlumata əsasən, ştatın inzibati mərkəzi olan Solt-Leyk-Siti şəhərindən təxminən 140 kilometr cənub-qərbdə yerləşən "Dugway Proving Ground" poliqonunun bağlanmasına içərisində "Vi-İks" (VX) adlı hərbi zəhərləyici maddə olan kiçik flakonun itməsi səbəb göstərilir. Hadisə zamanı poliqonda 1200-1400 nəfər insanın olduğu qeyd olunur.
İlkin məlumata görə, hadisə poliqon əməkdaşlarından birinin ehtiyatsızlığı nəticəsində baş verib. Qeyd edək ki, fosforun üzvü birləşməsi olan və sinir sistemini iflic edən "Vi-İks" (və ya Vi-qaz) maddəsi süni yolla əldə edilmiş ən zəhərli kimyəvi silahlardan biri hesab olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə