Hüsnü Mübarəkdən ilk açıqlama

Hüsnü Mübarəkdən ilk açıqlama

Misir prezidenti Hüsnü Mübarək 4 gündür ki, davam edən etiraz aksiyaları haqqında ilk dəfə danışıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ordunun paytaxt Qahirədə nəzarəti ələ keçirəndən sonra səssizliyi gecə saatlarında pozan dövlət başçısı hökumətin istefasını istəyib. Yeni bir hökumətin qurulacağını deyən Hüsnü Mübarək prezidentliyi haqqında danışmayıb. Prezident təhlükəsizlik qüvvələrinin də nümayişçilərə qarşı sərt davranışını müdafiə edib.

 

Dövlət televiziyası ilə yayımlanan çıxışında dövlət başçısı "edəcəyimiz hər şey Misir xalqını müdafiə etmək üçün olacaq" deyib və qeyd edib ki, hər bir vətəndaşın azadlığına tərəfdardır. O, "dövlət başçısı olaraq deyil, bir misirli olaraq danışıram. Misiri qoruyacağam, iqtisadi inkişafına diqqət verəcəyəm" söyləyib. Hüsnü Mübarək hökumətə iqtisadi, ictimai və siyasi islahatların edilməsi üçün təzyiq edəcəyi dilə gətirib. Yeni hökumətdən də yoxsulluqla mübarizə aparmasını, iqtisadiyyatı inkişaf etdirməsini istədiyini deyən Misir prezidenti xalqın mesajını aldığını və etirazçıları dinc şəkildə nümayiş etməyə çağırıb.

 

Hüsnü Mübarək bildirib ki, xalqın gələcəyini və həmçinin ölkənin təhlükəsizliyini dəstəkləyir: "Heç bir şeyin sülhü, hüququn üstünlüyünü və ölkənin gələcəyini təhlükə altına almasına icazə verməyəcəyəm. Baş verənləri Misirin qanuni hakimiyyəti yıxmaq cəhdi kimi qiymətləndirirəm".

 

Televiziya ilə çıxışında dövlət başçısı baş vermiş itkilərə görə, təssüfləndiyini bildirib. O, xalqın yoxsulluq, işsizlik və demokratik islahat tələblərini də anladığını vurğulayıb. "Azadlıq və xaos arasında incə bir xətt vardır", - deyən H.Mübarək misirlilərin özünün daha əvvəllər apardığı islahatlar sayəsində bu gün nümayiş təşkil edə bildiklərini qeyd edib.

 

Qeyd edək ki, Misirdə dörd gündür davam edən nümayişlərdə ölkənin 30 illik dövlət başçısı 82 yaşındakı Hüsnü Mübarəkin istefası tələb olunurdu. Polis nümayişlərə dəyənək, gözyaşardıcı bomba və plastik güllələrdən istifadə edərək müdaxilə edib. Nümayişlərdə ümumilikdə 30-a yaxın adam həyatını itirib, 1000-dən çoxu isə yaralanıb. Ciddi təhlükəsizlik tədbirlərinə baxmayaraq nümayişçilər prezidentin lideri olduğu Milli Demokrat Partiyanın qərargahına atəş açıb, dövlət televiziyası və Xarici İşlər Nazirliyinin binasını ələ keçirməyə çalışmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə