Vladimir Putin: “Terrorla və separatçılarla mərhəmət etmədən döyüşmək lazımdır”
Rusiya baş naziri Vladimir Putin Moskvanın ən böyük hava lımanı "Domodedovo"da yanvarın 24-də təşkil edilən terror aktının Çeçenistanla əlaqəsi olmadığını söyləyib. SİA-nın "İnterfaks" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, hadisə ilə bağlı əldə edilən ilk məlumatları qiymətləndirdiklərini ifadə edən Putin hökumətin terrorist və separatçı qruplarla danışıqlar aparmayacağını deyib.
Rusiyanın baş naziri 1990-cı illərin əvvəllərində aparılan bu cür danışıqların birinci və ikinci Çeçenistan müharibələrinə gətirib çıxardığını vurğulayıb. "Terrorla və separatçılarla mərhəmət etmədən döyüşmək lazımdır" deyən Putin hadisəni törədənlərin kimliyi ilə bağlı mətbuatda səslənən iddiaların əsassız olduğunu diqqətə çatdırıb. Qeyd edək ki, Rusiya mətbuatı çeçen qrupları ilə yaxın olan və Qaraçay-Çərkəz Respublikasında fəaliyyət göstərən "Noqay batalyonu" və ərlərinin müharibədə itirmiş çeçen qadınlarının yaratdığı təşkilatın terror aktında məsuliyyət daşıdığını irəli sürüb.
Xatırladaq ki, hava limanında baş vermiş partlayış nəticəsində 35 nəfər ölüb, 110-u isə yaralanıb. Hadisənin qadın kamikadzenin törətdiyi təsdiqlənib. Ehtimal edilir ki, bu terror aktı ikinci cəhddə baş tutub. Birinci cəhd dekabr ayında bombanın terrorçuların gizləndiyi evdə təsadüfən partlaması nəticəsində baş tutmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB