Belqradda hökumətə qarşı etiraz aksiyası keçirilib

Belqradda hökumətə qarşı etiraz aksiyası keçirilib

Serbiyanın paytaxtı Belqradda həftəlik etiraz aksiları davam edir.

SİA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, aksiya iştirakçıları tələblərinin yerinə yetirilməsi üçün hakimiyyətə 6 gün vaxt veriblər.

Mitinqin aparıcısı Yuqoslav Kiprianoviç etiraz aksiyaçıları adından hakimiyyətə səslənib: "Növbəti cümə gününə kimi hakimiyyətə bizim tələblərə müsbət cavab vermək üçün vaxt veririk. Əgər bizi eşitməsələr, 7 gün sonra daha çox sayda iştirakçı ilə yenidən toplaşacağıq".

Qeyd edək ki, etiraz aksiyası Serbiya skupşinası (parlamenti) binasının qarşısında baş tutub. Binanın önündə gücləndirilmiş polis dəstələri növbə çəkiblər.

Bir neçə çıxışdan sonra aksiya iştirakçıları hökumət evi istiqamətində dinc yürüş ediblər. Etirazçıların ölkə prezidentinin onların qarşısına çıxacağı ilə bağlı gözləntiləri baş tutmayıb.

Serbiyanın Daxili İşlər naziri Neboyşa Stefanoviç bildirib ki, prezident bu cür az sayda insanın qarşısında çıxış etməyə vərdiş etməyib. Onun sözlərinə görə, aksiyada cəmi 7,5 min nəfər iştirakçı olub.

Qeyd edək ki, Serbiyada aksiyalar ötən ilin dekabr ayından hər həftə sonu keçirilir. Noyabrın 23-də "Levitsa" müxalifət partiyasının lideri Borislav Stefanoviçə və onun iki tərəfdarının Kruşevats şəhərində hücuma məruz qalması aksiyaların başlanmasına səbəb olub.

Nümayişçilərin əsas tələbləri aşağıdakılardır: 2018-ci ilin yanvarında Kosovoda qətlə yetirilmiş Serb siyasətçi Olivera İvanoviçin qətlinin icraçı və təşkilatçılarının tapılması, Daxili İşlər naziri N.Stefanoviçin istefaya göndərilməsi, RTS milli telekanalının rəhbərliyinin dəyişdirilməsi.

Bundan başqa, artıq etirazçılar prezidentin və hökumətin istefasını, şəffaf və təmiz seçkilərin keçirilməsini tələb edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə