Rusiyalı irqçilər terror aktından yararlanmağa çalışır

Rusiyalı irqçilər terror aktından yararlanmağa çalışır

Rusiyanın irqçi və skinxed təşkilatları Moskvanın Domodedovo hava limanında törədilən terror aktından sonra "terroru anma" bəhanəsi ilə xalqı etiraza çağırır. SİA-nın "İnterfaks" agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya təhlükəsizlik qüvvələri nümayişlərdə polisin xəbərdarlığına məhəl qoymayan bütün şəxslərin nəzarətə alınacağı xəbərdarlığını edib. Polis dünən axşam saatlarında nümayişə hazırlaşan irqçi Slavyan Birliyi təşkilatının başçısı Dmitri Demuşkini həbs edib.

 

Rusiya futbol fanatlarının internet saytlarında Domodedovo hava limanındakı terror aktında həyatını itirənlərin anılması məqsədilə paytaxtda etirazlara başlamaq çağırışı edilib. Çağırışlarda Moskvanın "Tretyakovskaya" və "Novokuznetskaya" metrostansiyaları qarşısında toplanmaq üçün elanlar verilib. İnternetdəki elanlardan sonra polis əraziyə göndərilib.

 

İnternet vasitəsilə edilən çağırışları diqqətlə izlədiklərini açıqlayan Moskva Təhlükəsizlik İdarəsi qeyri-qanuni aksiyalara icazə verilməyəcəyini bildirib. İdarənin mətbuat katibi polkovnik Viktor Biryukov "internetdə yayılan məlumatları izləyirik. "Tretyakovskaya" metrostansiyası istiqamətinə gedənlər və polisin xəbərdarlıqlarına məhəl qoymayanlar qanun çərçivəsində, amma sərt şəkildə cəzalandırılacaq" deyib. Məlumata görə, polis "Tretyakovskaya" metrostansiyası qarşısında 15 nəfəri saxlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə