Pakistan Xarici İşlər naziri Şah Mahmud Qureyşi rəsmi İslamabadın 16-20 aprel tarixləri arasında Hindistandan gələcək hücum haqqında məlumat üzərində işlədiklərini bildirib.
SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə nazir deyib: "Çox ehtimal ki, ölkəmizə qarşı yeni bir təcavüz hərəkəti 16-20 aprel tarixləri arasında törədiləcək. Bizə daxil olan etibarlı kəşfiyyat məlumatlarına əsasən, Pakistana diplomatik təzyiqi artırmaq və ona qarşı hərbi əməliyyatlara haqq qazandırmaq üçün Hindistan tərəfi yeni bir hücum planlaşdırır".
Qureyşi daha sonra dünya ictimaiyyətinə müraciət edib: "İctimaiyyətin məlumatlandırılması bizim siyasətimizin bir hissəsidir. Beynəlxalq ictimaiyyət Hindistanın məsuliyyətsiz davranışlarına diqqət yetirməlidir. Dünya birliyi susmamalıdır, əks halda, Cənubi Asiyanın sülh və təhlükəsizliyi təhlükə altına düşəcəkdir".
Hindistan və Pakistan arasındakı hazırkı gərginlik 14 fevralda başlayıb. Cammu və Kəşmir əyalətində hərbi polis konvoyu silahlı hücuma məruz qalıb. Hadisənin məsuliyyətini Pakistanda fəaliyyət göstərən və Məsud Əzhərin rəhbəri olduğu "Ceyş-e-Məhəmməd" qrupu öz üzərinə götürüb. Həmin günkü silahlı toqquşmada 45 nəfər həyatını itirib.
Bundan sonra Hindistan Pakistanı terrorçu qruplaşmaları dəstəkləməkdə ittiham edib. İslamabad isə bu iddiaların əsassız olduğunu bəyan edib.
Bunun ardınca, fevralın 26-da Hindistan Hava Qüvvələri Kəşmirin Pakistanın nəzarətində olan hissəsinə aviasiya zərbələri endirib. Bu zaman bir Hindistan təyyarəsi vurulub və pilot sağ olaraq ələ keçirilib. Növbəti gün Pakistan təyyarələri Cammu və Kəşmirdəki Hindistana məxsus hədəflərə aviazərbələr endirib. Pakistan tərəfi sonradan sülh addımı ataraq sağ olaraq ələ keçirilmiş pilotu martın 1-də öz ölkəsinə qaytarıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB