Sudanda nümayişçilər ordu qərargahına daxil olub

Sudanda nümayişçilər ordu qərargahına daxil olub

Sudanda prezident Ömər Əl-Bəşirin istefaya getməsi tələbi ilə nümayişlər davam edir. SİA "sözcu.com.tr" saytına istinadən verdiyi məlumata görə, son dörd ay ərzində ölkənin ən böyük şəhərlərindən biri olan paytaxt Xartumda davam edən silsilə nümayişlərin nəticəsi olaraq yüzlərlə iştirakçı ilk dəfə milli ordunun mərkəzi qərargahına girməyi bacarıb.

Hadisə şahidlərinin sözlərinə görə, bina ətrafına toplaşmış etirazçılar ordu heyətinə Bəşir hakimiyyətini devirmək və ölkədəki böhrana müdaxilə etmək çağırışı ediblər.

Polis kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Prezident Bəşir, həftə içərisində ölkədə siyasi və iqtisadi islahatlar həyata keçirəcəyini söz versə də bu vəd ixtişaşları səngitməyib.

Qeyd edək ki, Sudanda yaşayış xərcləri və yanacaq bahalığına etiraz əlaməti olaraq ötən ilin 19 dekabrından başlayan nümayişlər artıq prezident Ömər Əl-Bəşirin istefaya getməsi tələbi ilə rejim əleyhinə aksiyalara çevrilib.

22 fevralda ölkədə bir illik müddətə fövqəladə vəziyyət elan olunsa da martın 11-də ölkə parlamenti səs çoxluğu ilə bu müddəti 6 aya endirib.

Fövqəladə vəziyyətin elan olunmasından 3 gün sonra verilən fərmanla icazəsiz nümayişlər və tətillərin qadağan olunmasına baxmayaraq nümayişlər hələ də davam edir.

"Amnesty İnternational" təşkilatının məlumatına görə, son 4 ayda Sudandakı daxili ixtişaşlarda 51 şəxs həyatını itirib. Yerli hökumət isə bu rəqəmin 32 olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə