Kavaçu Silva postunu qorudu

Portuqaliyada prezident seçkilərinin ilkin rəsmi nəticələri açıqlanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 9,5 milyon seçicinin qeydiyyatda olduğu ölkənin hazırkı prezidenti seçicilərin təxminən 54 faiz səsini qazanaraq yenidən dövlət başçısı seçilib.

 

Açıqlanan rəsmi nəticələrə görə, seçkiyə seçicilərin 47 faizi qatılıb. Səslərin 98 faizi sayıldıqdan sonra məlum olub ki, əvvəlcədən də ən şanslı namizəd hesab edilən hazırkı prezident Sosial Demokrat Partiyasının rəhbəri Anibal Kavaçu Silva 93,3, Manuel Aleqre 16,69, Fernando Nobre 14, Fransisko Lopes 7,12, Joze Koelho 4,31, Defensor Mouro 1,58 faiz səs qazanıb.

 

Keçən prezident seçkisi ilə müqayisədə bu dəfə seçici fəallığı azalıb. Belə ki, 2006-cı ildə seçicilərin 61 faizi seçkidə iştirak etmişdi. Verilən şərhlərdə seçkidə "demokratiya tarixinin ən aşağı fəallığı"nın müşahidə edildiyi qeyd edilib. Fəallığın aşağı olmasının səbəbi kimi maliyyə böhranından sonra insanlarda "kim gəlirsə-gəlsin, heç bir faydası yoxdur" fikrinin formalaşması göstərilir. 2006-cı ildə 50, 53 faiz səs toplayan Kavaçu Silva bu dəfə ikinci tura qalmaqdan yaxasını qurtarıb. O, daha beş il ölkəyə başçılıq edəcək.

 

Portuqaliya Konstitusiyasına əsasən prezident çox güclü səlahiyyətə malik deyil, buna baxmayaraq nüfuzlu siyasi personadır.

Bütün xəbərlər Facebook səhifəmizdə