Çin "tort"dakı ən böyük hissəni istəyir

Çin "tort"dakı ən böyük hissəni istəyir

Çin 21-ci əsrin geridə qalan ilk 10 ilində Orta Asiyadakı iqtisadi və ticari nüfuzunu xeyli artırıb. SİA-nın məlumatına görə, "New York Times" qəzeti ABŞ və Rusiyaya qarşı aparılan mübarizədə Çinin bölgədəki təsirinin yerli xalqlar tərəfindən belə hiss edildiyini yazıb.

 

Ruslar tərəfindən 1983-cü ildə hərbi qarnizon olaraq tikilən Tacikistanın Murghab qəsəbəsi bu gün yeni bir gücün təsiri altında böyük tikintilərin inşasına şahidlik edir. Tikilən avtopark Çindən Orta Asiya ölkələrinə geyim, elektronik məhsullar və ev əşyalarını daşıyan tırların dayanacağı olacaq. Tırlar Qırğızıstanın steplərindəki immiqratların yaşadığı bölgələrdən başlayaraq Səmərqənd və Buxara şəhərlərinə qədər mal daşıyır. Şərqi və Cənub-Şərqi Asiyada önə çıxan Çin iqtisadi nüfuzunu və siyasi çəkisini artırıb. Çin enerji təhlükəsizliyi, ticarətin böyüməsi, etnik sabitlik və hərbi müdafiə baxımından Orta Asiyanı vacib bir bölgə hesab edir. Çin bölgədəki enerji boru xətləri, qatar yolları və şoselərə investisiyanı artırıb.

 

Çin Xalq Ordusunun generalı Liu Yazou Orta Asiyanı "cənnətdən müasir Çinə təqdim edilən tortun ən böyük hissəsi" olaraq dəyərləndirib. 1991-ci ildə müstəqilliyini qazanan Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan 19-cu əsrdə Rusiya və İngiltərə arasındakı rəqabətin mərkəzində idi. Ancaq bu gün həmin vəzifəni Çin, Rusiya və ABŞ yerinə yetirir. Çinli səlahiyyətlilər ABŞ-ın hərbi bazaları və Asiyada qurduğu hərbi ittifaqlarla özünü blokadaya almaq istədiyinin fərqindədir. Bölgədə hərbi gücünü artıran Çin sentyabr ayında Qazaxıstanda Orta Asiya ölkələrinin də qatıldığı bir hərbi təlim təşkil edib.

 

"Wikileaks"ın yaydığı ABŞ səfirliklərinə aid sənədlərdə Çinin ABŞ-a aid hava bazasını bağlaması üçün Qırğızıstana 3 milyard dollar təklif etdiyi ifadə olunur. 13 fevral 2009-cu il tarixinə aid sənədə görə, ABŞ-ın Qırğızıstan səfiri Tatyana Qfeller görüşdüyü çinli həmkarı Zang Yanniayaya bu barədə narahatlığını bildirib.

 

Çinin Orta Asiyadakı yeni varlığı "Böyük oyun"un həyata keçməsindən çox "İpək Yolu"nun yenidən canlandığını göstərir. Çinli siyasi ekspertlər Pekinin Orta Asiyadakı iqtisadiyyatlarla bütövlük təmin etmək istədiyini və ticarət sədlərini ortadan qaldırmağı hədəflədiyini ifadə edir. Adını vermək istəməyən ABŞ-lı bir səlahiyyətli "bölgədə Çinin iqtisadi təsiri diqqətə cəlb edir. İnvestisiyalar yalnız Orta Asiya ölkələri deyil, ABŞ tərəfindən də xoş qarşılanır. Ancaq Çinin investisiyaları və digər ölkələrlə qurduğu əlaqələrdə bir şəffaflıq problemi var" deyib. Digər tərəfdən Çinin təsiri ilə iqtisadi tarazlığın dəyişməsindən qorxan Orta Asiya ölkələri immiqratların axınından narahatdır. Qazaxıstanın paytaxtı Astana ilə sərhəddəki Zarkənd qəsəbəsi arasında yük maşını sürücüsü Aydelhan Onbedbayev "bir çoxumuz çinlilərin təsirindən çəkinirik. Amma bu məsələdə nə edə bilərik ki?" söyləyib.

 

Ancaq çinli səlahiyyətlilər bölgədəki maraqları ilə bağlı sərt yanaşmalara sahibdir. General Liu keçən yaz "Phoenix Weekly" bu sözləri deyib: "Çinin Orta Asiya ölkələri ilə enerji sahəsindəki əməkdaşlıq 1990-cı illərdə başlayıb. Ancaq son illərdə ABŞ və Rusiyanın bu sahədə geri qalması ilə yaranan boşluğu Çin doldurub".

Bütün xəbərlər Facebook səhifəmizdə