ABŞ bin Ladenin oğlunu axtarır

Birləşmiş Ştatlar “əl-Qaeda” terrorçu təşkilatının öldürülmüş lideri Osama bin Ladenin oğlu Həmzə bin Ladenin yerini xəbər verənə 1 milyon dollar vəd edib. Onun Əfqanıstan-Pakistan sərhədində dağlarda gizləndiyi bildirilir. BBC telekanalı xəbər verir ki, Həmzə bin Laden son aylar atasının qisasını almaq məqsədilə ABŞ və onun Qərb tərəfdaşlarına qarşı terror aktları törətməyə çağıran video və audio materiallar yayıb.

ABŞ xüsusi təyinatlıları 2011-ci ildə Pakistanın Abbotabad rayonunda Osama bin Ladeni qətlə yetiriblər. Onun oğlu – 30 yaşlı Həmzə iki il əvvəl Birləşmiş Ştatların qlobal terrorçular siyahısına daxil edilib. ABŞ Dövlət Departamentinin məlumatına görə, o, 2001-ci il 11 sentyabr terror hücumlarının iştirakçılarından biri olmuş Məhəmməd Attanın qızı ilə evlənib. Osama bin Ladenin tərəfdarlarına yazdığı məktublarda da Həmzənin terror təşkilatının başçısı olması tövsiyə olunur.

ABŞ dövlət katibinin köməkçisi Maykl İvanoff bildirib ki, Həmzə bin Laden müxtəlif vaxtlarda İran, Pakistan, Əfqanıstan və Suriya ərazilərində görünüb.

Bütün xəbərlər Facebook səhifəmizdə