Tunisə ordu nəzarət edir

Tunisin ölkədən qaçan prezidenti Zin əl-Abidin ben Əlinin tərəfdarları etirazlara başlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, küçələrdə siyasətə qarışmağı rədd edən ordu hökm sürür. Paytaxt Tunisin hər addımında tanklar var. Hərbçilər qarşıdurmalardan çəkinmək istəsələr də, bəzən buna məcbur olurlar.

 

Tunisin 23 illik dövlət başçısının ölkəni tərk etməsindən keçən bir gün ərzində sakitlik müşahidə edilib. Lakin bu uzun sürməyib, ölkədə təxminən bir aydır davam edən qarşıdurmalara dünən yeniləri əlavə olunub. Dünən ilk silahlı qarşıdurma axşam saatlarında müxalif Müasir Demokrat Partiyasının binası qarşısında baş verib. Binanın qarşısına gələn iki silahlı atəş açmağa başlayıb. Daha sonra, Mərkəzi Bankın yaxınlığındakı bir binanın damına çıxan silahlı buradan ətrafa atəş açıb. Təhlükəsizlik qüvvələri tərəfindən öldürülən silahlının üzərindən Almaniya pasportu çıxıb.

 

Dövlət başçısının ölkəni tərk etməsindən sonra ən azı 14 adam ölüb. Ölənlər arasında fransalı jurnalist də var. Ordu aralarında Zin əl-Abidin ben Əlinin baş mühafizəçisi Əli Şəriətinin də olduğu 50 adamı nəzarətə götürüb. Ölkədəki xaos mühitinin davam etdiyi bir vaxtda yeni hökumətin qurulmasına başlanılıb. Müvəqqəti olaraq prezidentliyə gətirilən Fuad Mebaza hökumət qurmaq səlahiyyətini Məhəmməd Qannuşiyə verib. Yeni hökumətdə daxili və xarici işlər nazirlərinin vəzifələrində qalacaqları, 3 müxalifət liderinə də yer veriləcəyi bildirilir. Ölkəni tərk edən tunisli insan hüquqları müdafiəçiləri də geri qayıdır. Bütün ölkədə keçmiş prezidentin şəkilləri sökülür.

Bütün xəbərlər Facebook səhifəmizdə