Afrika və ərəb dünyasının ən böyük ölkələrindən olan Sudan bölünməyə hazırlaşır. Referendum cənubluların istədiyi şəkildə nəticələnərsə, şübhəsiz ki, Şimali və Cənubi Sudan arasındakı ən əhəmiyyətli məsələ neft mənbələrinin bölünməsi olacaq.
Neft mənbələrinin böyük bir hissəsi Cənubi Sudanda olsa da, nefti dünya bazarlarına çıxaracaq infrastruktur mərkəzi hökumətin əlindədir. 5 neft yatağı şimalda, 8-i isə cənubdadır. Cənubda neftayırma zavodu olmadığı halda, şimalda ikisi var. Sudanda hasil olunan gündəlik 500 min barrel neftin yalnız beşdə biri şimalın payına düşür. Siyasi sabitliksizlik və qarşıdurmaların nəticəsi olaraq Qərbin enerji şirkətlərinin Sudan bazarına gəlməməsi iqtisadiyyatı inkişaf etməkdə olan Çin və Hindistan üçün əlavə imkanlar yaradıb.
Sudanın neft ixracının 65 faizini əlində saxlayan Çin ilə yanaşı Malayziya, İndoneziya, Hindistan, İtaliya və Fransa şirkətləri də ölkədə fəaliyyət göstərir. Cənubi Sudan neft ehtiyatlarını Şimali Sudandan asılı olmadan dünya bazarına çıxarmaq istəyir. Bunun üçün Uzaq Şərq şirkətləri hazırlıqlarını tamamlayıblar. Cənubi Sudanın paytaxtı Jubadan Keniyanın Lamu limanına qədər uzanacaq boru xəttinin uzunluğu təxminən 4 min kilometr nəzərdə tutulub. Kəmərin gündəlik nəql gücü 450 min barrel, maliyyə dəyəri isə 1,5 milyard dollar olacaq. Kəməri tikəcək "Toyota Tsusho" şirkəti onu 20 il istismar etmə haqqını qazanacaq.
Bu günə qədər neft investisiyaları üçün Sudana verilən kreditlərin hansı tərəfin necə ödəyəcəyi məsələsi qeyri-müəyyən olaraq qalır. Yeni neft mənbələrinin tapılmasında isə ümidsizlik var. Bölgədə fəaliyyət göstərən "Total" neft şirkəti yeni neft yatağı tapmaq üçün ayırdığı vəsaiti böyük ölçüdə azaltdığını açıqlayıb.
Əvvəlcədən əldə olunan razılığa görə, referendumda cənubun müstəqilliyi ilə yanaşı neftlə zəngin olan Abyei əyalətinin cənuba qoşulub-qoşulmaması da səsverməyə çıxarılmalı idi. Ancaq bölgənin hansı tərəfə aid olduğu və neft mənbələrinin necə istifadəsinin həlli qeyri-müəyyən müddətə təxirə salınıb. Lakin ekspertlər referendum sonrası sərhədlərin təyin olunması ilə bağlı aparılacaq müzakirələrin iki tərəf arasındakı gərginliyi artıracağını bildirir. Mərkəzi hökümətin tikdiyi neft boru xəttinin də bu bölgədən keçməsi Abyeinin əhəmiyyətini artırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB