Avropa İslamı təhlükə olaraq görür

Avropa İslamı təhlükə olaraq görür

Avropada müsəlmanlara baxış getdikcə daha mənfiləşir. Avropa Birliyinin ən güclü ölkələri İslamı rədd edən mövqeyi ilə diqqət çəkir. SİA-nın məlumatına görə, Fransanın "Le Monde" qəzeti bununla bağlı rəy sorğusu keçirib. Sorğunun nəticələrinə görə, almanların və fransızların təxminən 40 faizi İslam dinini bir təhlükə olaraq görür. Fransızların üçdə ikisi, almanların isə dörddə üçü müsəlmanların cəmiyyətə kifayət qədər uyğunlaşa bilmədiyi fikrindədir.

Daha əvvəl də Münster Universiteti ilə "TNS Emnid" adlı şirkəti islama münasibət ilə bağlı araşdırma aparmışdı. Avropanın 5 ölkəsində, Almaniya, Fransa, Danimarka, Hollandiya və Portuqaliyada aparılan araşdırmaları 5 min adam aparıb. Sosioloq Nels Fridrix araşdırmaya qatılan ölkələrin xüsusi olaraq seçildiyini yazır. Məsələn, Almaniyanın seçilmə səbəbi burada müsəlmanların çox olması və onların cəmiyyətə uyğunlaşma müzakirələri olub. Araşdırmalarla məscidlərin tikilmə qadağasının və ya hicabla əlaqədar müzakirələrin cəmiyyətdə necə əks-səda doğurduğunu müəyyən etmək mümkün idi. Fransanın seçilmə səbəbi hicab qadağası, Danimarkanın karikatura böhranı, Hollandiyanın isə İslam əleyhdarı Teo van Goghun öldürülməsi idi.

Araşdırmaya rəhbərlik edən din sosioloqu Detlef Pollak bildirib ki, nəticələr almanların araşdırmada iştirak edən digər ölkələrlə müqayisədə xristianlıqdan başqa digər dinlərə qarşı daha mənfi münasibətini ortaya qoyub. Araşdırma həmçinin Almaniyanın digər dörd ölkəyə nisbətən digər dinlərə qarşı xoş münasibət və bərabərlik mühiti yaradılması mövzusunda ən çox çalışan ölkə olduğunu da göstərir.

Pollak "nəticələr ikli yanaşmanı ortaya qoyur. Bir tərəfdən İslam ilə əlaqədar bir çox etirazlar var. Digər tərəfdənsə bərabərlik və ədalətin təmin edilməsi üçün böyük səy göstərilir" deyib. Bu ziddiyyətin başlıca səbəbi almanların müsəlmanlarla sıx ünsiyyət halında olmamasıdır. Almaniyanın qərbində yaşayanların 40 faizi, şərqində yaşayanların isə yalnız 16 faizi müsəlmanlarla qarşılıqlı ünsiyyəti var. Fransada isə bu göstərici 66 faizdir. Araşdırmaya görə, almanların yalnız 34 faizi müsəlmanlarla əlaqədar müsbət düşüncələrə sahibdir. Digər dörd ölkədə bu nisbət 50, hətta digər Avropa ölkələrində 60 faizə çatır.

Din sosioloqu Detlef Pollak Almaniyada son dövrlər tez-tez səslənən "İslam dini mədəniyyətimizin bir parçasıdır" ifadəsinin cəmiyyətin böyük əksəriyyətinin ağlına batmadığını deyib. "İslam Qərb dünyasına uyğun gəlirmi?" Almaniyanın qərbində yaşayanların 20 faizindən bir az çoxu, şərqində yaşayanların isə daha az hissəsi "bəli" cavabını verib. Digər ölkələrdə də "bəli, İslam Qərb mədəniyyətinə uyğun gəlir" deyənlərin nisbəti 25-30 faiz arasında olub.

Bütün xəbərlər Facebook səhifəmizdə