Çinin hərbi hava gücü ABŞ-a çata bilərmi?

Çinin hərbi hava gücü ABŞ-a çata bilərmi?

Çinin yeni nəsil hərbi təyyarələri ilə bağlı fotogörüntülərin internetdə yayılması Asiya nəhənginin hərbi hava gücündə ABŞ-ı yaxalaması istiqamətindəki iddialara səbəb olub. SİA-nın "CNN"ə istinadən verdiyi məlumata görə, Pentaqon isə ortaya çıxan mənzərənin Çinin ABŞ-a bərabər hava gücünə sahib olduğu mənasına gəlmədiyini iddia edir.

 

Çinin yeni nəsil döyüş təyyarəsi "J-20"nin 2017-ci ildən əvvəl sınaq uçuşları gözlənilmirdi. Ancaq, Çin Hava Qüvvələrin səlahiyyətlilərindən biri 2009-cu ildə sözügedən reaktivlərin sınaq uçuşlarının daha tez həyata keçiriləcəyini bildirmişdi. Naməlum mənbələr tərəfindən internetə qoyulan fotogörüntülər də ordu səlahiyyətlisinin dediklərini sübut edir. Belə ki, görüntülərdə Çinin cənub-qərbindəki bir hava bazasında "J-20"lərin uçuşu görünür. Pentaqon sözçüsü Dave Lapana "Çinin beşinci nəsil döyüş reaktivləri istehsal etmək planlarından xəbərimiz var. Qısa müddət əvvəl nümayiş olunan bu görüntülərin sınaq uçuşlarına aid olduğu ehtimal edilir" deyib.

 

"J-20"-lərlə bağlı görüntülərin ortaya çıxması bəzi analitiklər tərəfindən önəmli bir səfər öncəsi rəsmi Pekinin güc nümayişi kimi qiymətləndirilir. Belə ki, ABŞ müdafiə naziri Robert Qeyts həftə sonu Çinə səfər edəcək. İkitərəfli hərbi əlaqələrin müzakirə olunacağı görüşlərdən sonra Çin dövlət başçısı Hu Cintaunun bu ay ərzində Vaşinqtona səfəri nəzərdə tutulub.

 

Çin ordusu üzrə amerikalı eksperti Riçard Fişer hesab edir ki, hərbi təyyarənin sınaq uçuşları ilə bağlı görüntülərin yayılmasında rəsmi Pekin də maraqlı olub: "Çin ordusu və polisi hava bazasının ətrafına asanlıqla nəzarət edə bilərdi. Əksinə mobil telefonlarla təyyarələrin çəkilməsinə icazə verdilər. Bununla belə görüntülərin keyfiyyətsiz olması təyyarələr haqqında ətraflı məlumat vermir".

 

Fişer şəkillərin Çində "son dərəcə müsbət qarşılandığını və milli qüruru inanılmaz dərəcədə qaldırdığını" söyləyib. Ekspertlərin narahatlığına baxmayaraq, Pentaqon yayılan şəkillərə çox maraq göstərmedi, ancaq Çinin sahib olduğu ən müasir döyüş təyyarəsinin mühərrik problemi olduğunu və yeni təyyarələrinin illər sonra ordunun istifadəsinə veriləcəyini ifadə edib. Ekspert Fişer isə hesab edir ki, Çin öz mühərrikini istehsal etmək əvəzinə Rusiyadan mühərrik alacağı təqdirdə ABŞ ilə hava gücünü bərabərləşdirə bilər. O, qeyd edib ki, fotogörüntülərdəki təyyarə beşinci nəsil döyüş reaktivi olaraq hələ də dizayn mərhələsindədir. R.Fişer avqust ayında Konqresə göndərilən və Çinin hərbi sahədəki inkişafına aid illik hesabatda "J-20"yə aid məlumatların olmadığını, ancaq Müdafiə Nazirliyində bu məsələdə dəyərləndirmələrin aparıldığını ifadə etdi. O, həmçinin qeyd edib ki, Çinin beşinci nəsil döyüş reaktivi istehsal etmək istədiyini bilsələr də, bu vəziyyət onları narahat etmir.

 

ABŞ "F-22"lərin istehsalını 2009-cu ildə bir qədər geriyə çəkdi. Hazırlanma və sınaq mərhələsində olan "F-35"lərin istehsalının isə irəli çəkilməsi nəzərdə tutulur. ABŞ müdafiə naziri Robert Qeyts Çinin ancaq 2025-ci ildə ABŞ-a rəqib olacaq "bir ovuc" döyüş reaktivinə sahib ola biləcəyini söyləmişdi. Ancaq Fişer belə düşünmür: "İkinci Dünya Müharibəsindən sonra ABŞ hava qüvvələrinin dəstəyi olmadan döyüşə girmədi. Çin ABŞ-ın qlobal mövqeyinə rəqib olmağa qərarlıdır. "J-20" hərbi baxımdan Çinin bu istəyini reallaşdıra bilər. Bu ABŞ üçün qəbuledilməz bir şeydir".

Bütün xəbərlər Facebook səhifəmizdə