Yaponiya İmperatorunu təbrik etməyə 80 mindən çox insan gəlib

Yaponiya İmperatorunu təbrik etməyə 80 mindən çox insan gəlib

Dekabrın 23-də İmperator Akihitonu 85 illik yubileyi münasibətilə təbrik etmək üçün İmperator sarayına rekord sayta insan gəlib. SİA xəbər verir ki, bu barədə Yaponiya İmperator sarayının işlər idarəsi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, bu dəfə İmperator sarayına toplaşanların sayı 82 min nəfəri keçib. Bu, mərasimin keçirilməsinə başlanandan sonra ən böyük rəqəm hesab edilir. Tokioda ilk dəfə İmperatorun doğum günü münasibətilə təbrik etmək üçün İmperator sarayına toplaşmaq adəti Şyova dövründə (1926-1989-cu illər), Akihitonun atası İmperator Hirohitonun hakimiyyəti vaxtı yaranıb.

Həmin gün Tokioda yağış yağmasına baxmayaraq, minlərlə insan monarxı təbrik etmək üçün saraya getməkdə davam edib. Əhalinin monarxın yubileyinə belə yüksək diqqət göstərməsinin səbəbi kimi, bu doğum gününün Akihitonun Yaponiyanın İmperatoru olaraq sonuncu ad günü olması göstərilir. Belə ki, gələn ilin aprelində İmperator Akihito taxtdan imtina edərək, onu böyük oğlu vəliəhd-şahzadə Naruhitoya təhvil verəcək.

Ənənəyə uyğun olaraq İmperator ailə üzvləri ilə birlikdə gün ərzində üç dəfə eyvana çıxaraq təbrik üçün gələnləri salamlayıb. “Mən bura gələrək mənə hərarətli təbriklərini çatdıranlara səmimi qəlbdən minnətdarlığımı bildirirəm”, - deyə İmperator Akihito öz müraciətində bildirib. Çoxsaylı təbii fəlakətlərdən zərər çəkənlərin kədərini bölüşdüyünü deyən İmperator qeyd edib ki, o, həmin insanların sağlamlığı və xoşbəxtliyi üçün dua edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə