Dünya əhalisinin sayı sürətlə artır, Ermənistanda isə...

Dünya əhalisinin sayı sürətlə artır, Ermənistanda isə...

2011-ci ilin ortalarında dünya əhalininin 7 milyardı keçməsi gözlənilir. SİA-nın məlumatına görə, belə bir açıqlama ilə Almaniya Dünya Əhalisi Vəqfi çıxış edib.

 

Vəqfdən verilən açıqlamada bildirilib ki, 1 yanvar 2011-ci il tarixində dünya əhalisi 2010-cu ilin əvvəli ilə müqayisədə təxminən 80 milyon artaraq 6 milyard 934 min 196 nəfərə çatacaq. Məlumata görə, dünyada hər saniyədə orta hesabla 2,6 uşağın doğulur. Vəqfin açıqlamasında həmçinin qeyd olunub ki, dünya əhalininin təxminən 82 faizi inkişaf etməkdə olan ölkələrin payına düşür.

 

Dünyada insan sayının artımı ilə bağlı keçən ay BMT Əhali Fondunun açıqladığı məlumat da yuxarıda verdiyimiz rəqəmlərə yaxındır. Belə ki, Fond dünyada əhali sayının ötən illə müqayisədə 79 milyon nəfər artaraq, 6,9 milyarda çatdığını bildirib. Məlumata görə, 2050-ci ildə bu rəqəmin 9 milyard 150 milyona çatması güman edilir. Əhalinin 1,2 milyardı inkişaf etmiş, 5,7 milyardı isə inkişaf etməkdə olan və az inkişaf etmiş ölkələrdə yaşayır. 2050-ci ilin proqnozlarına görə, inkişaf etmiş ölkələrdə çox cüzi (38 milyon) əhali artımı qeydə alınacaq.

 

İnkişaf etməkdə olan və az inkişaf etmiş ölkələrdə isə 40 faizədək artım gözlənilir. Belə ki, 40 il sonra birinci qisim ölkələrdə əhalinin sayının 1 milyard 275 milyon, ikinci qisim ölkələrdə isə 7 milyard 946 milyona çatması fikri əsaslandırılır. Hazırda 1 milyard 33 milyon əhalisi olan Afrika qitəsində yaşayanların sayının 2050-ci ildə 2 milyarda çatacağı bildirilir. 2050-ci ildə Hindistanın əhalinin sayına görə Çini ötəcəyi gözlənilir. 2010-cu ilin məlumatına əsasən, 1 milyard 215 milyon əhalisi olan Hindistanın əhalisi 40 il sonra 1 milyard 614 milyona çatacaq ki, bu da Çinin əhalisindən 197 milyon nəfər çox olacaq. Dünyanın əksər ölkələrinin əhalisinin artması gözlənilsə də, bəzi ölkələrin əhalisinin sayında azalma qeydə alınacaq. Belə ki, Yaponiya əhalisinin 25,3, Almaniya əhalisinin 11,6 və İtaliya əhalisinin 3 milyon nəfər azalması proqnozlaşdırılır.

 

BMT-nin Əhali Fondunun hesablamalarına görə, dünyada əhalinin artım sürəti 1,2 faiz olub. Bu rəqəm inkişaf etmiş ölkələrdə 0,3, az inkişaf etmiş ölkələrdə 1,4, daha az inkişaf etmiş ölkələrdə isə 2,3 faiz qeydə alınıb. Azərbaycanın qonşu ölkələrinin əhali sayı da diqqət çəkir. Türkiyə əhalisi 22,6 milyon artaraq 74,8 milyondan əsrin ortasında 97,4 milyona çatacaq və əhali sayına görə dünyanın 18-ci ölkəsi olacaq. Rusiya əhalisi, əksinə, indiki 140,9 milyondan 24,8 milyon azalaraq 116,1 milyona düşəcək. O vaxt Rusiya əhali sayına görə dünyanın 14-cü ölkəsi olacaq. Cənub qonşumuz və soydaşlarımızın yaşadığı ikinci ən böyük ölkə olan İran dünya ölkələri arasında 19-cu yerdə qərarlaşacaq. İranda bu gün 74,2 milyon insan yaşayır.

 

Ermənistandakı demoqrafik vəziyyəti isə acınacaqlı adlandırıla bilər. Bir müddət əvvəl Ermənistanın Səhiyyə Nazirliyinin ana və uşaqların müdafiəsi idarəsinin rəhbəri Qeyan Avaqyan bildirib ki, əgər ölkədə əhali artımının tempi hazırkı kimi qalarsa, 40-45 ildən sonra Ermənistanda əhalinin sayı 2 dəfə azalacaq. Onun sözlərinə görə, hazırda Ermənistan demoqrafik artım tempinə görə, 229 ölkə arasında 205-ci yerdədir: "Əhalinin sayını indiki həddə saxlamaq üçün hər ailədə heç olmasa, 2 uşağın doğulması vacibdir. Demoqrafik artım üçün isə bu, 3 və ya 4 uşaq olmalıdır".

 

ASALA erməni terror təşkilatının üzvü Alek Yeniqomşyanın isə daha həyacanlı çıxışını yada salmağa dəyər. O da bir müddət əvvəl qeyd edib ki, əgər hazırkı vəziyyət davam etsə, bir neçə onillikdən sonra Ermənistan və erməni xalqı yer üzündən silinəcək. ASALA üzvünün sözlərinə görə, 20 il əvvəl Ermənistan, Cavaxetiya (Gürcüstan) və Dağlıq Qarabağ (Azərbaycan) ərazilərində 3,7 milyona yaxın erməni yaşayıb: "İndi isə bu ərazilərdə 2,2-2,3 milyon erməni yaşayır. Yəni, ermənilərin sayı 40 faiz azalıb. 20 il ərzində ermənilərin sayında 1,4-1,5 milyonluq azalmanın səbəbi miqrasiya və əhalinin təbii artımının olduqca aşağı olmasıdır".

 

Məlumdur ki, Ermənistan orduya hərbçi cəlb etməkdə getdikcə daha çox çətinlik çəkir. Gənc əhali iş tapmadığından ölkəni tərk etməyə məcbur olur. Ermənistan Statistika Komitəsi tərəfindən şişirdilən rəqəmlərinə baxmayaraq, müstəqil ekspertlər hal-hazırda ölkədə əhalii sayının 1 milyon ətrafında olduğunu bildirirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə