NATO Azov dənizindəki hadisələrlə əlaqədar iclas keçirəcək

NATO Azov dənizindəki hadisələrlə əlaqədar iclas keçirəcək

NATO bu gün Azov dənizindəki hadisələrlə əlaqədar Ukrayna ilə birgə komissiyanın təcili toplantısını keçirəcək. SİA-nın "Anadolu" agentliyinə istinadla verdiyi xəbərə görə, Ukrayna-NATO Komissiyasının təcili iclasının keçirilməsi qərarı Ukrayna prezidenti Petro Poroşenko ilə alyansın baş katibi Yens Stoltenberqin telefon danışığı zamanı qəbul edilib.

Stoltenberq Ukraynanın ərazi bütövlüyü və suverenliyinə, eləcə də ərazi sularında naviqasiya azadlığına dəstək verdiyini bildirib. Görüşün NATO qərargahında səfirlər səviyyəsində keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, rəsmi Kiyev Rusiya gəmilərinin Kerç körfəzindən çıxan Ukrayna Hərbi-Dəniz Qüvvələrinə aid gəmilərə atəş açdığını bəyan edib. Atəş nəticəsində “Berdyansk” kiçik zirehli artilleriya kateri zədələnib, 6 əsgər yaralanıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə