“Telegraph” qəzeti: “İran sanksiyaları aradan qaldırmaq üçün nüvə mübadiləsi mövzusunda gizli danışıqlar aparır”
İran iqtisadiyyatına zərbə vuran beynəlxalq sanksiyaları aradan qaldırmaq üçün nüvə yanacağının mübadiləsi razılaşmasını əldə etmək istəyir. SİA-nın məlumatına görə, İngiltərənin "Telegraph" qəzeti İranın bu məqsədlə Türkiyə, ABŞ, Fransa və Rusiya ilə danışıqlar apardığını yazıb.
Türkiyənin irəli sürdüyü təklif İranın əlindəki 1000 kiloqram az zənginləşdirilmiş və 20 faiz zənginləşdirilmiş 30 kiloqram uranı etibarlı bir yerdə saxlanılmasını nəzərdə tutur. Təklifə görə, İranın verdiyi uran Fransa və Rusiya tərəfindən istifadə üçün hazır yanacaq çubuqları halına gətiriləcək və tibbi reaktorlarda istifadə edilməsi üçün İrana göndəriləcək. İranın əlindəki uranın tibbi reaktorlarda istifadə etmək məqsədi ilə 20 faiz səviyyəsində zənginləşdirilməsi planlaşdırılır. Uranın bu səviyyədə zənginləşdirilməsi isə nüvə silahının istehsalı üçün lazım olan zənginləşmənin yarısı deməkdir.
Gizli danışıqlarda iştirak edən səlahiyyətllərdən biri "razılaşma mümkündür, ancaq üzərində işləyəsi çox şey var" deyib. Diplomatik mənbələr gələn ay "5+1" ölkələri ilə müzakirə ediləcək məsələlər barədə Türkiyə və İran rəsmilərinin bir neçə dəfə görüşdüyünü bildirib. Bu ayın əvvəlində isə "5+1" ölkələri ilə İranın toplantısında İran prezidenti Mahmud Əhmedinejad bəzi məsələləri müzakirəyə etməkdən imtina edib. Fransız bir diplomat isə "Telegraph"a aparılan danışıqların əksəriyyətinin monoloq olduğunu bildirib.
"5+1" üzvü Çin ilə yanaşı, Braziliyanın da dəstəklədiyi Türkiyə uzun müddətdir ki, İrana tətbiq olunan iqtisadi sanksiyalara qarşı çıxır və sanksiyaların regional sabitliyi təhlükə altına qoyduğunu irəli sürür. ABŞ isə İranın nüvə məsələsi ilə bağlı Türkiyənin liderlik cəhdlərini birmənalı qarşılamır. Keçən ay bir çox nüfuzlu senator ABŞ prezidenti Barak Obamanı İrana tətbiq olunan sanksiyaların ləğvi ilə bağlı istənilən təklifi rədd etməyə çağırıb. Bildirilib ki, bu yalnız İranın uran zənginləşdirmə infrastrukturunu aradan qaldırdıqdan sonra mümkün ola bilər. Xarici işlər naziri Hillari Klinton isə qeyd edib ki, İran məsuliyyətli olduğunu göstərərsə, yaxın gələcəkdə uran zənginləşdirmə fəaliyyətinə davam edə bilər.
Qeyd edək ki, uran mübadiləsi danışıqları 2009-cu ilin iyul ayında başlayıb. İran həmin vaxt tibbi reaktorlarda istifadə etmək üçün uran yanacağı almaq məqsədilə Beynəlxalq Atom Enerjisi Təşkilatından icazə istəyib. Fransa, Rusiya və ABŞ dəyişdiriləcək 1200 kiloqram az zənginləşdirilmiş uranın əvəzində İrana tibbi reaktorde istifadə etmək üçün hazır yanacaq çubuqları verməyi təklif edib. Müzakirələr daha sonra dalana dirənib. Belə ki, "İran uranı hazır yanacağı alandan sonra, yoxsa əvvəl verməlidir" mövzusunda razılıq əldə edilməyib.
Ancaq may ayında Türkiyə, Braziliya və İran arasında imzalanan Tehran razılaşması ilə M.Əhmedinejad yanacaq çubuqları əvəzində uranı Ankaraya göndərməyi qəbul edib. ABŞ uran mübadiləsi müddətində İranın göndərdiyindən daha çox uran istehsal edəcəyini iddia edərək təklifi qəbul etməyib. İran buna görə də 1500 kiloqram az zənginləşdirilmiş uran əldə edib və bunun bir hissəsini zənginləşib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB