Dünyada baş verən son hadisələr

Dünyada baş verən son hadisələr

Dünyada baş verən son hadisələr. SİA-nın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, ilk hadisə Avstraliyada baş verib. Belə ki, Avstraliyanın Milad adası yaxınlığında gəmi qəzası baş verib. Göyərtəsində 70 nəfərin olduğu gəmi ada yaxınlığında qayaya çırpılaraq batıb. İlkin məlumata əsasən, azı 41 nəfər xilas olub. Ölən və xəsarət alanların olduğu ehtimal edilir. Sərnişinlər arasında Əfqanıstan, İran və İraq vətəndaşlarının olduğu qeyd edilir. Qəzanın baş vermə səbəbi barədə məlumat verilmir. Hazırda hadisə yerində axtarış-xilasetmə işləri görülür. Araşdırma aparılır.

 

Növbəti gəmi qəzası isə Misir sahillərində baş verib. İtaliyaya məxsus "Jolly Amaranto" adlı yük gəmisi iki gün öncə Aralıq dənizində qəza təhlükəsi ilə üzləşib. Hava şəraitinin qeyri-sabit keçməsi səbəbindən xilasetmə əməliyyatı nəticəsində limana gətirilmiş gəmini sahilə yaxınlaşdırıb bağlamaq mümkün olmayıb. Güclü külək nəticəsində gəmi limanda olan qurğulardan birinə çırpılıb və batıb. Hadisə zamanı gəmidə olan 21 nəfər barədə məlumat verilmir.

 

Eyni zamanda kütləvi ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi isə Hindistanda qeydə alınıb. Hindistanın Karnataka ştatında, Maysur şəhərində çoxsaylı insan tələfatı ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. İçərisində 34 nəfərin olduğu sərnişin avtobusu körpüdən aşaraq çaya düşüb. Qəza nəticəsində 32 nəfər ölüb, 2 nəfər xilas olunub. İlkin ehtimala görə, qəzaya sürücünün ehtiyatsızlığı səbəb olub.

 

Kanadada isə qarlı hava şəraiti yollarda tıxaclara səbəb olub. Kanadanın mərkəzi hissəsində yerləşən Ontario vilayətində qeyri-sabit hava şəraiti hökm sürür. Bir gün ərzində yağan güclü qar ştatın London və Sarniya şəhərlərini birləşdirən avtomobil yolunda nəqliyyatın hərəkətini iflic vəziyyətə salıb. Qalın qar örtüyü və qar çovğunu səbəbindən ərazidə azı 300 nəqliyyat vasitəsi ətraf mühitdən təcrid vəziyyətə düşüb. Hadisə yerinə cəlb edilmiş xilasedicilər təxminən 237 nəfəri hadisə yerindən təxliyyə edib. Hazırda mövcud vəziyyətlə əlaqədar müvafiq işlərin görülməsi davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə