Yunanıstan ilə İsrail arasındakı silah ticarəti artır

Yunanıstan ilə İsrail arasındakı silah ticarəti artır

İsrail Müdafiə Nazirliyinin səlahiyyətliləri milyardlarla dollarlıq ən yeni silahların satışı üçün Yunanıstanla danışıqlar aparır. İki ölkə arasındakı danışıqlar bölgədəki yeni bir geopolitik vəziyyətin meydana gəldiyi dövrə təsadüf edir. İsrail keçmiş strateji müttəfiqi Türkiyə ilə əlaqələri kəsərək diqqətini onun rəqibinə yönəldib. Eyni zamanda İran ilə Türkiyənin yaxınlaşması davam edir. SİA-nın məlumatına görə, İsrailin "Jerusalem Post" qəzeti İsrail və Yunanıstanın "Aralıq dənizində yeni bir hərbi ortaqlıq" üzərində çalışdığını yazıb.

 

Qəzet İsrailin "Israel Aerospace Industries" şirkətinin Yunanıstanın "F-16"larını modernləşdirəcəyini xəbər verib. İsrail müdafiə sənayesi əlaqələrin yaxşı olduğu dövrdə Türkiyə ilə illik 2,5 milyard dollar dəyərində ticarət edirdi. İqtisadi böhranla mübarizə aparan Yunanıstanın isə eyni miqdarda İsraildən silah alması gözlənilmir. İqtisadi böhrana baxmayaraq, İsrail ilə qurulan ticarət əlaqələrinin inkişaf etdirilməsinə böyük əhəmiyyət verən Yunanıstanın baş nazir George Papandreu ordusunu modernləşdirməkdə qərarlıdır.

 

İsrailli mənbələr Yunanıstan ilə əlaqələrin 2008-ci ildən bu yana olduqca yaxşı olduğunu ifadə edib. Həmin il Yunanıstanın baş naziri 100 İsrail "F-15" və "F-16" döyüş təyyarələrinin uçuşları və havada yanacaq yükləməsi sınaqları üçün hava sahəsindən istifadəyə icazə verib. Rəsmi Afina həmçinin, sahib olduğu "S-300" hava hücumundan müdafiə sistemlərinin iştirak etdiyi təlimin İsrail tərəfindən tənzimlənməsinə razılıq verib. İsrail həmin vaxt Rusiyanın "S-300" müdafiə sistemini İrana verəcəyindən narahat idi. Yunanıstan bu müdafiə sistemlərini 2000-ci ildə Rusiyadan alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə