Musa Quliyev: “Tütünlə Mübarizə haqqında qanun yenidən hazırlanacaq”- ÖZƏL

Musa Quliyev: “Tütünlə Mübarizə haqqında qanun yenidən hazırlanacaq”- ÖZƏL
"Tütünlə Mübarizə" haqqında qanun yenidən hazırlanacaq. Bu barədə SİA-ya Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev açıqlamasında deyib. O bildirib ki, Milli Məclisin növbəti plenar iclasında layihənin hazırlanması üçün işçi qrupunun yaradılması ilə bağlı təklif irəli sürəcək.

Tütünlə mübarizədə siyasi iradənin vacib olduğunu deyən M. Quliyev söyləyib ki, siqaret çəkmənin qarşısını almaq üçün ölkənin bu işlə bağlı bütün qurumlarının rəyi və hazırlığı lazımdır: "Bununla bağlı Səhiyyə, Ədliyyə Nazirliyi, vergi orqanları, Milli Məclisin rəhbərliyi, Nazirlər Kabineti səviyyəsində tədbirlər görülməlidir. Burada daha bir mühüm məsələ cəmiyyətin bu işə hazırlanmasıdır. Təklif edərdim ki, QHT-lərdən biri ölkə üzrə siqaret çəkmənin vəziyyəti barədə monitorinq aparsın və biz bilək ki, hansı yaş qrupunda, hansı bölgədə və hansı ixtisaslar arasında siqaret çəkənlərin sayı daha çoxdur. Türkiyədə belə bir monitorinq aparılıb və maraqlı nəticələr ortaya çıxıb ki, orada siqaret çəkənlərin böyük əksəriyyətini həkimlər və müəllimlər təşkil edir. Belə olan halda ilk növbədə həkim və müəllimlərlə mübarizə aparmalıyıq. Əgər həkim və ya müəllim yaxşı nümunə olmasa, onun apardığı mübarizənin də əhəmiyyəti olmayacaq".

Hazırlanacaq layihənin yaz sessiyasına qədər başa çatacağını dilə gətirən M, Quliyev bildirib ki, bu yaxınlarda Türkiyəyə səfər zamanı qardaş ölkədə siqaret çəkmənin qarşısının alınması ilə bağlı öyrənilən təcrübə də həmin layihəyə əlavə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə