Amerikanın 13 ştatı ABŞ ərazisində Roma katolik kilsəsinin rahibləri tərəfindən azyaşlılara qarşı seksual təcavüz etmələri ehtimalı ətrafında araşdırmalara başlayıb. SİA news.ru-ya istinadən xəbər verir ki,geniş miqyaslı araşdırmalar İllinoys, Missuri, Miçiqan, Merilend, Nyu-Cersi, Nyu-York, Pensilvaniya ştatlarında aparılır. Sonuncu ştat isə 2 milyona qədər katolikin yaşadığı Florida ştatıdır.
“Öz statusundan, hakimiyyətindən və inamından istifadə edərək, uşaqlar üzərində təcavüz edən istənilən rahib kilsə üçün rüsvayçılıq, cəmiyyət üçün isə təhlükədir”, Floridanın prokuroru Pamela Bondi NBC telekanalına danışarkən deyib.
Florida hökuməti eyni zamanda pedofil rahiblərin təcavüzünə qurban olmuşları hüquq-mühafizə orqanlarına müraciət etməyə çağırıb. Bondinin sözlərinə görə, artıq 15 nəfər zərərçəkmiş polisə ifadələrini veriblər.
Avqustun ortalarında Pensilvaniyanın andlılar kollegiyası iki illik araşdırmaların ardınca 884 səhifəlik məruzə dərc edib. Məruzədə 1940-cı ildən başlayaraq, ştatın 6 yeparxiyasında kilsə xadimlərinin uşaqlar üzərində seksual təcavüzlərini sübut edən çoxsaylı faktlar mövcuddur. Sənəddə bildirilir ki, 300-dən çox rahib bu müddət ərzində min nəfər azyaşlı üzərində təhqir xarakterli əməllərə yol veriblər.
Məhz bundan sonra digər ştatlar da araşdırmalara başlayıblar. Belə ki, Nyu-York ştatının Bruklun rayonunun yeparxiyası keçmiş kilsə xadimi və kiilsə daxilindəki məktəbdə tərbiyəçinin törətdiyi rüsvayçı olaya görə, dörd nəfər qurbana 27,5 milyon dollar ödəməyə razılıq verib.
Rahib pedofillərlə bağlı qalmaqal hələ pontifik XVI Benediktin Roma katolik kilsəsinə rəhbərlik etdiyi vaxtda başlamışdı. Roma katolik kilsəsinin hazırkı rəhbəri Fransisk dəfələrlə kilsəyə gələn azyaşlılara qarşı çirkin əməllər törədən rahib-pedofillərin bu əməllərini lənətləyən bəyanatlarla çıxış edib və bildirib ki, bu ən böyük günahdır. Bənzər hadisələrin ABŞ-la yanaşı, Avropada, Cənubi Amerikada, Avstraliyada da baş verdiyi, bu olaylarda iştirakı olanlar isə istefaya gediblər.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB