Makedoniya Şimali Makedoniya oldu

Makedoniyanın baş naziri hesab edir ki, ölkənin adının dəyişdirilməsi ilə bağlı keçirilən referendum uğurlu keçib və o, öz postunu tərk etməyəcək. SİA xəbər verir ki, Zoran Zayev seçki komissiyasının məlumatlarının dərc edilməsindən və seçici fəallığının 50 faizdən aşağı olması iddialarından sonra bu sözləri deyib.

Belə ki, ötən gün ölkə vətəndaşları Makedoniyanın adının Şimali Makedoniya adına dəyişdirilməsi ilə bağlı referendumda səs veriblər. Qeyd olunur ki, bu addım Skopye ilə Afina arasında üzün illərdən bəridir ki, davam edən mübahisənin həll edilməsinə səbəb olacaq, eləcə də Makedoniya üçün Avropa İttifaqına və NATO-ya yaşıl işıq yandıracaq.

Həmçinin bildirilir ki, seçki məntəqələrinə gedənlərin böyük əksəriyyəti ölkənin adının dəyişdirilməsinin tərəfdarı kimi çıxış ediblər. NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib ki, Skopya üçün NATO-nun qapıları açıqdır, sadəcə, milli səviyyədə olan bütün prosedurlara riayət edilməlidir.

Avropa İttifaqı da Makedoniyada keçirilmiş referendumun nəticələrinə hörmətlə yanaşılmalı olduğunu bəyan edib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə