Niderlandın silahlı qüvvələri Norveçdə NATO çərçivəsində keçirilən Trident Juncture 2018 hərbi manevrlərində iştirak edən hərbçiləri üçün qış geyimi almayıb. SİA xəbər verir ki, bu barədə Norveçin Aftenposten qəzeti yazıb. Nəşr qeyd edir ki, indi həmin hərbçilər mağazalara gedərək, öz ciblərindən xərcləyərək, qış mövsümünə aid uniformalar almalıdırlar.
Bu arada, Niderlandın müdafiə nazirliyinin mətbuat katibi Barbara Visser sözügedən məsələni ölkəsinin parlamentində qaldırıb. O, bəyan edib ki, oktyabr-noyabr aylarında hərbi təlimlərdə iştirak edən hərbçilər öz vəsaitləri ilə uniforma almalı deyillər. Visser parlamentdən tələb edib ki, Norveçdə hərbi təlimdə iştirak edən 1000 nəfər hərbçinin hər birinə 1000 avro avans verilsin.
“Əsgərlər dərhal vacib olan uniformalarını almalıdırlar. Mən yenidən bənzər halın baş verməsini görmək istəmirəm”, Niderlandda nəşr edilən Volskrant qəzeti ondan sitat gətirərkən yazıb. Belə ki, Visser anladıb ki, hərbi qüvvələr Norveçdə payız mövsümündə hava hərarətinin bu qədər aşağıya enəcəyini hesablamayıblar. Norveç meteorologiya institunun məlumatına görə, Mərkəzi Norveçdə (məhz bu regionda hərbi təlimlər keçiriləcək-red.) payız fəsli olan noyabr ayında havanın hərarəti 0 dərəcə olur. Bu ayın ən soyuq havası isə 12 dərəcəlik şaxtaya qədər enir.
Qeyd edək ki, oktyabr-noyabr ayında Norveçdə NATO-nin Trident Juncture 2018 strateji təlimləri keçiriləcək. Təlimlərdə bütün növ silahlardan istifadə edilməklə yanaşı, 31 ölkədən 40 min hərbçi iştirak edəcək. Onlar arasında alyansa daxil olan dövlətlərlə yanaşı, Finlyandiya və İsveç kimi partnyor ölkələr də təmsil ediləcək.
O da bildirilir ki, bu manevrlər son 16 ildə NATO-nun ən böyük masştablı təlimləri olacaq. Gözlənilir ki, hərbi təlimlər başa çatdıqdan sonra hərbi texnikaların aid olduğu ölkələrə geri qaytarılması dekabrın sonuna kimi yekunlaşdırılacaq.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB