Quterreşin təşəbbüsü ilə “Sülhə dəstək tədbirləri” forumu keçirilib

Quterreşin təşəbbüsü ilə “Sülhə dəstək tədbirləri” forumu keçirilib

BMT-nin baş katibi Antonio Quterreşin təşəbbüsləri çərçivəsində təşkilatın Qəyyumluq Şurasında “Sülhə dəstək tədbirləri” adlı forum keçirilib. Xəbər verilir ki, BMT baş katibinin müvafiq təşəbbüsü bu il martın 28-də təqdim olunub.

Forumda dünya liderləri, regional təşkilatların rəhbərləri BMT-nin sülhyaratma əməliyyatlarının səmərəliliyini artırmaq tədbirlərini müzakirə ediblər. Baş katib sülhü dəstəkləməyin vacibliyindən danışaraq bildirib ki, BMT-nin məqsədi əvvəlki illərin uğurlu təcrübəsindən istifadə etmək, həlli uzadılmış münaqişələr şəraitində və daim dəyişən vəziyyətlərdə təşkilatın sülhyaratma missiyalarına öz vəzifələrini həyata keçirməkdə kömək göstərməkdir. O qeyd edib ki, “mavi dəbilqələr” çox vaxt “həddən artıq geniş və mürəkkəb mandatları” həyata keçirərkən daha ciddi təhdidlərlə üzləşir, sülhməramlıların sırasında həlak olanların sayı isə bir nəslin həyatı müddətində ən yüksək göstəriciyə çatıb.

Baş katib 2018-ci ilin sonunadək rəsmi sazişin hazırlanması məqsədilə üzv dövlətləri BMT ilə birlikdə sülhyaratma əməliyyatlarının təşkili üçün gələcəyin tələblərinə cavab verə biləcək qarşılıqlı razılaşdırılmış prinsiplər və öhdəliklər kompleksi işləyib hazırlamağa çağırıb.

Bu ilin avqustunda BMT-nin baş katibi birgə öhdəliklər haqqında Deklarasiya təqdim edib və onun üzv dövlətlər, müvafiq beynəlxalq və regional təşkilatlar tərəfindən təsdiqlənməsi təklifini irəli sürüb. Həmin sənəd üzv dövlətlərin, Katibliyin, beynəlxalq və regional təşkilatların sülhyaratma fəaliyyətini dəstəkləmək məqsədilə kollektiv tədbirlərin görülməsi barədə öhdəliklərini əhatə edir. Azərbaycan Deklarasiyanı bu il sentyabrın 14-də təsdiqləyib.

Üzv dövlətlər BMT Təhlükəsizlik Şurası və Sülh Quruculuğu Komissiyası arasında, habelə BMT və xarici subyektlər, o cümlədən regional və subregional təşkilatlar, qəbul edən ölkələr və beynəlxalq maliyyə təşkilatları arasında sülh quruculuğu üzrə tədbirlərin uzlaşdırılmasına nail olmağın zəruriliyini bildiriblər. Onlar sülhyaratma missiyası başa çatdıqda və funksiyaların ötürülməsində vərəsəliyin təmin edilməsinin vacibliyini, sülh quruculuğu prosesində qadınların və gənclərin rolunu, institusional quruculuğun, xüsusən polisin, məhkəmə orqanlarının və islah-əmək müəssisələrinin rolunu vurğulayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə