Seçkinin nəticələri Haitini döyüş meydanına çevirib

Seçkinin nəticələri Haitini döyüş meydanına çevirib

Haitidə fəlakət fəlakət ardınca gəlir. Zəlzələdən sonra xolera epidemiyası ilə mübarizə aparan ölkə indi də prezident seçkisi sonrası döyüş meydanına çevrilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, seçkinin ilk turunun nəticələri ilə razılaşmayan qüvvələr ayağa qalxıb. Seçkilərin saxtalaşdırıldığını iddia edən prezidentliyə namizədlərdən Mişel Martellinin tərəfdarları bir çox şəhərdə etiraz nümayişləri təşkil edib. Haitinin paytaxtı Port-Au-Prinsedə başlayan etiraz nümayişləri qısa müddət ərzində digər şəhərlərə də yayılıb. Baş verən qarşıdurmalarda bir nəfər ölüb, xeyli sayda adam isə yaralanıb.

 

Noyabrın 28-də keçirilən və 19 namizədin qatıldığı prezident seçkisinin ilk turunda Mirlande Manigatın 31, iqtidar namizədi Jude Kelestinin isə 22 faiz səs qazandığı açıqlanıb. Nəticələrə görə, bu iki namizəd seçkinin ikinci turunda mübarizəni davam etdirəcək. Haitinin tanınmış müğənnilərindən olan Mişel Martelli isə 21 faiz səs toplayaraq mübarizəni dayandırmalı olub.

 

M.Martellinin tərəfdarları seçkinin nəticələrinin ləğv edilməsini tələb edirlər. Məlumata görə, namizədin tərəfdarları küçələrdə barrikadalar quraraq dövlət və yaşayış binalarına atəş açıb. Prezident sarayı qarşısında toplanan minlərlə etirazçı verdikləri səsləri sona qədər müdafiə edəcəklərini söyləyib. Polisin etirazçılara qarşı gözyaşardıcı qazlardan istifadə etdiyi bildirilir.

 

Seçkidən əvvəlki proqnozlara görə, ikinci tura iqtidarın namizədi Kelestinin əvəzinə müğənni Martellin keçməli idi. Avropa Birliyi tərəfindən maliyyələşdirilən və 5 min 500 üzvün olduğu Seçki Müşahidə Şurası da iqtidarın namizədi Jude Kelestinin üçüncü yerdə qərarlaşacağını gözləyirdi. Qeyd edək ki, prezident seçkisinin ikinci turu 2011-ci il yanvarın 16-da keçiriləcək. İlk turun nəticələrinə etirazlar üçün isə dekabrın 20-nə kimi vaxt var.

Bütün xəbərlər Facebook səhifəmizdə