Latviya Seymi DTK arxivlərinin dərc olunması ideyasını dəstəkləyib
Latviya Seyminin (parlament) insan hüquqları və ictimai məsələlər üzrə komissiyası sentyabrın 5-də keçirilən iclasında Latviya SSR Dövlət Təhlükəsizliyi Komitəsinin (DTK) arxivlərinin internetdə dərc olunması ideyasını dəstəkləyib. Lakin məhz hansı sənədlərin və nə vaxt dərc olunması məsələsi işçi qrupu tərəfindən müəyyən edilməlidir.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, parlamentin mətbuat xidmətinin məlumatına əsasən, profil komissiyasının iclasında bu təşəbbüsü dəstəkləyən deputatlar onu Seymdə ikinci oxunuşa hazırlamaq üçün müzakirələri gələn həftə də davam etdirəcəklər. “Seymdə bu qanun layihəsi sentyabrın 20-də ikinci oxunuşda, oktyabrın 4-də, yəni parlament seçkilərinə bir neçə gün qalmış yekun oxunuşda müzakirə edilə bilər”, - deyə komissiyanın sədri İnesse Layzane bildirib.
Latviyada bir neçə il bundan öncə Latviya SSR DTK-sının arxivlərini tədqiq edən ekspert və tarixçilərdən ibarət xüsusi hökumət komissiyası fəaliyyətə başlayıb. Komissiyanın qarşısında duran əsas məqsəd arxivlərin elmi, o cümlədən tarixi və hüquqi baxımdan tədqiqi, həmçinin ölkəyə və vətəndaşlara vurulan maddi və mənəvi zərərin müəyyən olunmasıdır. Bu il mayın 31-dək DTK-nın arxivini araşdıran komissiya orada saxlanan informasiyanın dərc olunmasını tövsiyə edib.
Latviyanın Ədliyyə Nazirliyi isə öz növbəsində, artıq 2019-cu il mayın 1-dən etibarən respublika əhalisinin geniş kütləsinin tanış ola biləcəyi arxivlərin dərc olunma qaydasının layihəsini hazırlayıb. Sənədlər Milli Arxivdə saxlanacaq və internetdə yerləşdiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB