Çin Rusiyanın silah bazarını əlinə keçirir

Çin Rusiyanın silah bazarını əlinə keçirir

Silah sənayesi getdikcə güclənən Çin Rusiyadan idxal etdiyi texnologiyanı sürətlə investisiyaya çevirir. SİA-nın "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, qlobal silah bazarında sürətlə Rusiyanın yerini ələ keçirən Çinin müştəriləri arasında Türkiyə də var.

 

"Soyuq müharibə"nin başa çatmasından sonra Rusiya ən inkişaf etmiş döyüş təyyarələri olan "Su-27" reaktivləri başda olmaqla silahların böyük bir hissəsini pula olan ehtiyacını ödəmək üçün Çinə satıb. Aradan keçən 15 ildə Rusiya Çinin ən böyük silah tədarükçüsü olub. Bu gün Rusiyanın silah sənayesindəki gücü azaldığı halda, Çin köhnə tədarükçüsünün yerini tutur. Rusiyadan aldığı texnologiyanın detallarını deşifrə edən Çin "Su-27", eləcə də kosmik gəmi və çoxlu sayda inkişaf etmiş silah istehsal edəcək səviyyəyə çatıb.

 

Baş verən böyük dəyişikliklər Çinin keçən ay təşkil etdiyi sərgidə də nümayiş etdirilib. Hərbi Hava Qüvvələrində istifadə olunan silahlara görə hər vaxt öndə gedən Rusiya döyüş reaktivləri, vertolyotları, yük təyyarələrini satmaqla milyardlarla dolları qazanırdı. Görünür, Çin bundan sonra Rusiyaya əməlli-başlı ortaq olacaq. Çin yalnız "Su-27" döyüş reaktivlərinin elektron və radar sisteminin surətini götürməklə kifayətlənməyib, təyyarəyə öz istehsalı olan mühərrikləri əlavə etməyi də bacarıb. Bunun nəticəsidir ki, Pekin son iki ildə Rusiyadan etdiyi silah idxalatını çox aşağı səviyyəyə endirə bilib. Çin bu günlərdə istehsal etdiyi yeni silahları dünyaya satmağa hazırlaşır. Bu il sərgiyə qatılan Rusiya diqqət çəkə bilməyib. Stokholm Beynəlxalq Sülh Araşdırma İnstitutunun məlumatlarına görə, 2005-2009-cu illər arasında qlobal silah ticarətində 2 faiz paya sahib olan Çin hərbi güc olaraq ABŞ-dan çox geridədir.

 

ABŞ dünyanın ən inkişaf etmiş döyüş təyyarəsi olan "F-22"lərin istehsalını Çinin eyni təyyarəni 15 il içində istehsal etməyəcəyini düşünərək təxirə salıb. Ancaq Çin Hava Qüvvələri komandiri "F-22"nin oxşarı olan təyyarələrin yaxın gələcəkdə sınaq uçuşları keçirəcəyini və 8-10 il sonra ordunun istifadəsinə veriləcəyini bildirib. 1992-ci ildə Çin 24 ədəd "Su-27"yə 1 milyard dollar ödəyərək bu təyyarələrdən alan ilk ölkə oldu. İki ölkə arasındakı ən böyük ticarət anlaşması isə 1996-cı ildə Rusiyanın Çinə 200 ədəd "Su-27" istehsal etmək üçün icazə verən lisenziya ilə bağlı olub. 2004-cü ildə 105 "Su-27" istehsal etdikdən sonra Çin ehtiyaclarını ödəmədiyi üçün razılaşmanı ləğv edib. Üç il sonra isə Çinin öz döyüş reaktivi olan "J-11B"ni sərgiləməsi Rusiyanın narahatlığını artırıb.

 

"J-11B" Rusiyanı çətin bir seçim qarşısında qoyaraq, ya Çinə silah satmağa davam edəcək, onların surətlərinin çıxardılmasına icazə verəcək, ya da olduqca gəlirli bir bazardan çəkiləcəkdi. Rusiyanın ilk reaksiyası kosmik gəmilərdə də istifadə edilə bilən "Su-33" döyüş təyyarələrinin satışını ləğv etmək oldu. Ancaq bir müddət sonra Rusiya təklifini yenidən gündəmə gətirdi. Öz istehsalı olan döyüş təyyarələrinin "J-11B"dən daha yaxşı olduğuna ümid edən Rusiya 2001-2008-ci illərdə Çin ilə olan silah ticarətinin davam etməsini istəyir.

 

Çin inkişaf etməkdə olan ölkələrə rus mühərriki daşıyan ucuz "JF-17" təyyarələrini satmaq istəyir. Çin Rusiyanın "Miq-29" döyüş reaktivinə rəqib olan bu təyyarələri Azərbaycana satmağı planlaşdırır. Misir isə Rusiyanın "Miq-29"larının əvəzinə Çinin 10 milyon dollar daha ucuz olan "JF-17" təklifinə müsbət baxır. Çinin müştəriləri arasında Hindistan ilə güc tarazlığını qorumaq istəyən Pakistan da var. "JF-17" döyüş reaktivləri üçün Şri-Lanka, Banqladeş, Venesuela, Nigeriya, Mərakeş və Türkiyə də növbədədir. Pekinin 2002-2009-cu illər arasında İrana 260 milyon dollarlıq silah satması ABŞ-ı da narahat edir.

Bütün xəbərlər Facebook səhifəmizdə