Türkmənistan dünya maliyyə böhranı səbəbindən azalan təbii qaz ixracını artıracaq. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ölkə prezidenti Qurbanqulu Berdiməhəmmedov Nazirlər Kabinetinin toplantısında enerji mənbələrinin müxtəlif yollarla dünya bazarına nəql edilməsinin milli enerji siyasətinin ən əhəmiyyətli faktorlarından biri olduğunu bildirib.
28 Noyabrda İran prezidenti ilə birlikdə yeni təbii qaz boru xəttinin açılışını etdiyini deyən türkmən dövlət başçısı bu xəttin qarşıdakı illərdə İrana ixraç edilən təbii qazın miqdarını 20 milyard kubmetrə qədər artırılmasına və digər ölkələrə də qaz ixracına imkan verəcəyini qeyd edib. Bu ayda Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TAPİ) təbii qaz boru xətti inşası ilə bağlı razılaşmalara imza atılmasını hədəflədiklərini ifadə edən Q.Berdiməhəmmədov bunun Türkmənistanın planlaşdırdığı enerji strategiyasının həyata keçirilməsində əhəmiyyətli bir addım olacağını vurğulayıb.
Qeyd edək ki, Türkmənistan dekabr ayında TAPİ təbii qaz boru xətti ilə əlaqədar ölkə liderlərinin toplantısına ev sahibliyi edəcək. Toplantıya Əfqanıstan dövlət başçısı Həmid Kərzai, Pakistan dövlət başçısı Asif Əli Zərdari və Hindistan baş naziri Mahmohan Singhin qatılması gözlənilir. Bu toplantıda türkmən qazının Cənub Asiya ölkələrinə ixracını təmin edəcək boru xəttlə bağlı əhəmiyyətli razılaşmalara imza atılması hədəflənir.
Zəngin enerji mənbələrinə sahib olan Türkmənistan hal-hazırda Rusiya, Çin və İrana təbii qaz satır. İrana iki boru xətti ilə təbii qaz ixrac edən Türkmənistanın TAPİ təbii qaz boru xətti layihəsinin reallaşdırılması üçün səy göstərir. Türkmənistanın 24,6 trilyon kubmetr təbii qaz, 20,8 milyard ton neft ehtiyatının olduğu təxmin edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB